Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1960/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Protokolu tərtib etmiş orqanın nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun nümayəndəsi-vəkil X1, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1953-cü ildə Riqa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs 2-89/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və təkrar olaraq məsuliyyətdən yayınmışdır. Bu fakt xx.xx.2000-ci il tarixli, 001487 nömrəli texniki pasportun göstəriciləri ilə və texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməməsi ilə təsdiq edilir. Odur ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 verdiyi izahatında protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Belə ki, icra məmurunun çağırışlarına baxmayaraq borclu çağırışlardan yayınmış, icra qurumuna gəlməmişdir. Bu səbəbdən də onun barəsində axtarış qərarı qəbul edilmiş və icra olunması üçün aidiyyəti polis orqanına gəlməmişdir. Bu isə öz növbəsində icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi qiymətləndirilməli, borclu inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında çıxış edən tələbkarın nümayəndəsi Nümayəndə 2-89/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinin hələ də icra olunmadığını bildirərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 2-89/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədini icra etmiş və həmin icra sənədinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hal-hazırda iş Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olmaqla icra sənədi üzrə tələblərin yerinə yetirilib-yetirilmədiyi ilə bağlı ekspertiza təyin olunmuşdur. Şəxs qeyd etmişdir ki, o, icra məmurunun çağırışlarına həmişə gəlib və onun yeri icra məmuruna məlum olub. Odur ki, onun barəsində axtarış qərarı verilməsinə ehtiyac yox idi. İfadəsinin sonunda məhkəmədən 2- 89/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədi üzrə icra işinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət olunmasını və icra məmurunun heç bir qanuni tələbini pozmadığını əsas göstərərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. xx.xx.2025-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərardan görünür ki, Şəxs məcburi qaydada Bakı Şəhəri Səbail Rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(009)-9/2025 saylı qərardadından görünür ki, 2-89/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədi üzrə tikintitexniki ekspertizası təyin olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolun 2-89/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinin lazımi qaydada icra olunmaması hissəsi ilə bağlı hazırda tikinti-texniki ekspertizası təyin olunduğundan məhkəmə həmin hissədə protokola münasibət bildirmir, lakin məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarından qərəzli şəkildə yayınmışdır. Nəticədə,onun barəsində axtarış elan olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1960/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1960/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver