Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1961/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, X1 vəkili və nümayəndəsi Nümayəndə4, Qərarından şikayət verilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, barəsində tətbiq edilmiş 500 manat cərimənin silinməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, baş vermiş bədbəxt hadisə işçinin öz təqsiri nəticəsində olmuş, həmçinin səlahiyyətli orqan tərəfindən hadisədən sonra İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati araşdırma vaxtında başa çatdırılmayaraq inzibati xəta haqqında protokol gec tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərarda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsin soyadı “Mirzəliyev” kimi deyil “Mirzəyev” kimi qeyd olunmuşdur. Bu hallara əsaslanaraq şikayətçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 vəkili və nümayəndəsi Nümayəndə4 şikayəti müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarında və 05 iyul 2004-cü il tarixli 92 nömrəli “Əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalahtların, peşə və vəzifələrin Sıyahısı”nın təsdiq edilməsi barədə Qərarında qazanxanalarda əməliyyatçı peşəsində çalışan işçilərin həmin siyahıda olmadığını əsas gətirərək, qazanxanadakı əməliyyatçı peşəsinin təhlükəli sayılmadığını, buna görə də əməliyyatçı peşəsində işləyənlərə xüsusi mühafizə geyimləri verilmədiyini bildirmişdir. Bu nüansları məhkəmənin diqqətinə çatdıraraq şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 şikayətə və məhkəmə iclasında iştirak edən vəkilin izahatına etiraz edərək bildirmişdir ki, şəxs inzibati orqan tərəfindən vaxtında inzibati məsuliyyətə cəlb edilmiş, onun soyadının “Mirzəyev” kimi qeyd olunması isə texniki səhvlik nəticəsində yaranmış, buna baxmayaraq şəxsin şəxsiyyət vəsiqəsindəki seriya nömrəsi və FİN kod düzgün qeyd olunmuşdur. Həmçinin bildirmişdir ki, işçinin əmək müqaviləsinin 4.10-cu bəndində onun xüsusi mühafizə vasitəsilə təmin olunması barədə qeyd olsa da, işəgötürən tərəfin, yəni X5 tərəfindən işçi hər hansı mühafizə vasitəsi ilə təmin olunmamışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid izahatında qeyd etmişdir ki, o, 7 saylı X3 Sahəsi, 245 saylı qazanxanada mövsümü əməliyyatçı peşəsində çalışmışdır. xx.xx.2025-ci il tarixində qazanxanaya nəzarət etmək üçün daxil oldum. Daxil olan zaman sızıntı olduğunu gördüm və bədbəxt hadisə olmasın deyə istilik sistemin söndürməyə çalışdım. Lakin söndürən zaman par və isti su mənim hər iki ayağımda yanıq xəsarəti yaratdı. Hadisə olduqdan sonra "xxxx" ASC və onun sədri tərəfindən hər hansısa maddi və mənəvi dəstək olmayıb. Mənə xüsusi mühafizə geyimləri təqdim olunmayıb. Hətta tək mənə yox, bütün işçilərə verilmir. Əmək müqaviləsində göstərilən təlimat bizə keçirilməyib. Hadisədən sonra mənimlə heç kim maraqlanmayıb. Hadisədən sonra hər iki ayağıma görə müalicə almışam, hələ də rahat şəkildə yeriyə bilmirəm. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, şahidin ifadəsini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" ASC-nin sədri Mirzəyev (qərarda bu cür qeyd olunub) İlham Ata oğlu (AZE08600857; FİN23UXX4T) işçisi olmuş Şahid pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitəsi verməmiş və bu səbəbdən İXM-in 198.1.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzobati xəta haqqında protokoldan görünür ki, Mirzəliyev (protokolda soyad düzgün qeyd olunub) İlham Ata oğlu işşini fərdi mühafizə vasitəsi ilə təmin etmədyindən inzibati xəta törətmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Şahid xx.xx.2024-cü il tarixdə 7 saylı X3 Sahəsi, 245 saylı qazanxanaya mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, həmin müqavilənin 4.10-cu bəndində “işçi xüsusi mühafizə vasitələri ilə təmin edilir” qeydi yazılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş Kollektiv Müqavilənin 5 nömrəli əlavəsinin 4-cü sırasında rayon istilik qazanxanaları və köhnə tipli qazanxanalarda əməliyyatçı peşəsində çalışan şəxslər üçün parça kostyum, ayaqqabı və fəhlə əlcəyinin tutulduğu qeyd olunmuşdur. Göründüyü kimi X2 Azərbaycan Respublikası İXM-in 198.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Əmək Məcəlləsinin 215-ci maddəsinin 1-ci bəndinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İXM-in 198.1.6-cı maddəsinə əsasən işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə–beş yüz manatdan min manatadək məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətçinin və onun nümayənədəsinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmək istəyir ki, İXM-in 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər (hazırki iş üzrə isə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir). Həmçinin, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsin soyadında yol verilmiş texniki səhvlik inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin qərarda şəxsin şəxsiyyətinin eyniləşdirilməsi üçün lazım olan şəxsiyyət vəsiqənin seriya nömrəsi və FİN kod məlumatları ilə bağlı qeydlər düzgün aparılmışdır. Bundan başqa vəkilin izahatında istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli (“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarı) və 05 iyul 2004-cü il tarixli 92 nömrəli (“Əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalahtların, peşə və vəzifələrin Sıyahısı”nın təsdiq edilməsi barədə Qərarı) Qərarlarında hansı sahədə çalışan işçilərə xüsusi mühafizə vasitələrinin verilməsindən deyil, yalnız müvafiq sahədə və peşədə çalışan işçilər üçün əlavə məzuniyyət hüququnun verilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verilməsindən bəhs edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1961/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1961/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver