Məhkəmə qərarları › İş №3(009)-1964/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1964/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1964/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Bakı Şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Böyük Mərcənlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yataqxana 1 ünvanında yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 05 avqust 2025-ci il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirləndirilməsinə dair 04 avqust 2025-ci il tarixli, MN2320528 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Şıxov qəsəbəsində yerləşən “Qağayı” çimərliyində vətəndaş Zərərçəkmiş şəxs məxsus “İphone 12” markalı mobil telefon oğurlanmışdır. Məhkəmə iclasında iştirak etmiş Bakı Şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Şıxov qəsəbəsində yerləşən “Qağayı” çimərliyində olarkən bir nəfərin mobil telefonunu nəzarətsiz qaldığını görüdüyünü, həmin vaxt mobil telefonu götürərək oradan uzaqlaşdığını və oğurladığı telefonu evinə apararaq gizlətdiyini, daha sonra pula ehtiyacı olduğu üçün Lökbatan qəsəbəsində bazarın qarşısında tanımadığı bir nəfərə 50 manata satdığını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək inzibati həbs verilməməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs 05 avqust 2025-ci il tarixli ərizə təqdim edərək şəhər kənarında olduğu üçün məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və Şəxs şikayətçi olduğunu qeyd edərək onun barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nə 15 iyul 2025-ci il tarixdə daxil olmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdı 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Şıxov qəsəbəsində yerləşən “Qağayı” çimərliyində maşının üzərinə qoyduğu özünə məxsus “İphone12” markalı mobil telefon oğurlanmışdır. İş materiallarında olan 22 iyul 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması” haqqında qərardada əsasən Zərərçəkmiş şəxs qarşı törədilmiş oğurluq hadisəsi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraata başlanmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzininin xx.xx.2025-ci il tarixli 7311 nömrəli aktında Şəxs tərəfindən verilmiş testin nəticəsində AMP (Amfetamin) və MET ( Metamfetamin) müsbət aşkar edilmişdir. İş materiallarında olan 04 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 04 avqust 2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, Amfetamin və Metamfetamin psixotrop maddədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Sözügedən qanunun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzininin xx.xx.2025-ci il tarixli 7311 nömrəli aktda qeyd olunmuşdur ki, Şəxs tərəfindən verilmiş testin nəticəsində AMP (Amfetamin) və MET ( Metamfetamin) müsbət aşkar edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu 17-ci maddəsinin 4-cü hissəsi ilə müəyyən edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarda istehlakı ilə bağlı əməllər şəxsin inzibati məsuliyyətə, şəxsi istehlak miqdarından yuxarı miqdarla bağlı olan əməllər isə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəbdir. Məhkəmə araşdırması gedişində Şəxs tibbi göstəriş əsasında həkimin təyinatı əsasında psixotrop maddələri istehlak etdiyi müəyyən olunmamışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Şəxs şəxsiyyətinə münasibətdə bildirir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməməsi, barışıq əldə olunmaması, zərərçəkmiş şəxsin şikayətçi olması da nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətaların xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməllər qəsdən törədilmiş, eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar və mülkiyyət əleyhinə olan inzibati xətalardır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən və iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlarından o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Şəxs hər iki inzibati xəta əməlini eyni vaxtda törətdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 34.2-ci və 34.3-cü maddələrində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, Şəxs barəsində törədilmiş xətalardan daha ciddi xətaya görə yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və pozuntu törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 22 (iyirmi iki) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 22 (iyirmi iki) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 avqust 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün tutulmuşdur. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halın olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 227ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində barəsində 22 (iyirmi iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 avqust 2025-ci il tarixdə saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar