Məhkəmə qərarları › İş №3(009)-197/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-197/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-197/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 3(009)-197/2021 saylı qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(009)-197/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə edilmiş müraciətə baxılanadək dayandırılmışdır. Sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 3(009)- 197/2021 saylı qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 3(009)-197/2021 saylı qərarı ilə dayandırılmış icraat təzələnmişdir. Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin direktoru X1 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, “Şəxs" MMC-nin Azərbaycan Respublikası İXMnin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokola baxılmasına dair iş məhkəmənin icraatdadır. Bildirir ki, qeyd olunan protokolun tərtib olunmasına səbəb olan hal gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində yaranmışdır. Belə ki, Şəxs MMC tərəfindən qanunvericiliyin heç bir tələbi pozulmamış və xaricdən alınmış mal rəsmi sənədlərə uyğun olaraq 08.01.2021-ci il tarixdə MMC tərəfindən XİF MN üzrə “5209 42 0000” nömrəli kod altında **********6203 sorğu nömrəli gömrük bəyənnaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Lakin gömrük orqanı qanunsuz olaraq MMC-ni məcbur etmişdir ki, **********6203 sorğu nömrəli gömrük bəyənnaməsində dəyişiklik etsin və gətirilmiş parçanı başqa kod altında bəyan etsin. MMC tərəfindən buna etiraz edildiyi üçün parçaların rəsmiləşdirilməsinə icazə verilməmiş, parçalar müəyyən olunmuş müddətdən 3 (üç) gün artıq gömrükdə saxlanılmış, bunun da nəticəsində malın yüklü olduğu nəqliyyat vasitəsinin boşdayanmasına görə “Şəxs MMC" MMC daşıyıcı şirkətə hər gün üçün 200 ABŞ dolları olmaqla cəmi 600 ABŞ dolları ödəmək məcburiyyətində qalmışdır. Boşdayanma halı ilə bağlı MMC-nin artıq ödənişlər etməsinin qarşısının alınması və MMC-nin həmin parçalara təcili ehtiyyacının yaranması səbəbindən “Şəxs MMC” MMC gömrük orqanının tələbi ilə razılaşmaq məcburiyyətində qalmış və ilkin təqdim olunmuş gömrük bəyənnaməsində dəyişiklik edilərək qara rəngli cins parça XİF MN üzrə “xxxx” kodu altında bəyan edilmiş, əsassız olaraq MMC əlavə olaraq 2708,10 manat gömrük rüsumu, 910,17 manat ƏDV olmaqla cəmi 3618,27 manat ödəmək məcburiyyətində qalmış və yalnız bundan sonra mallar rəsmiləşdirilərək gömrükdən çıxarılmışdır. MMC ilkin gömrük bəyənnaməsində gömrük orqanın təzyiqi ilə dəyişiklik etdikdən sonra isə MMC barəsində 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda gömrük orqanının qeyd olunan hərəkətlərinin qanunsuz hesab olunması və MMC tərəfindən artıq ödənilmiş pul məbləğinin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı Şəxs MMC tərəfindən Bakı inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və iş üzrə məhkəmə iclası təyin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı "Şəxs” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinə qarşı “gömrük orqanının hərəkətlərinin qanunsuz hesab olunması, gətirilmiş parçanın XİF MN üzrə “**********” kodu ilə 0% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə e-2-1 (112)-3695/2021 saylı işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılıb yekun məhkəmə aktı çıxarılanadək Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(009)-197/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İşə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin bildirişindən görünür ki, iddiaçı Şəxs MMCnin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı Dövlət Gömrük Komitəsinin X2 İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə digər məsələlər üzrə hazırlıq icraatı iclası 30.03.2021-ci il tarixə təyin edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Çin Xalq Respublikasının “X4 Textile Co “Ltd şirkətindən XCDA20201116 saylı, 16.11.2020-ci il tarixli invoysla "xxxx”MMC-nin ünvanına göndərilmiş mallardan qara rəngli cins parçanın (denim parça) “5209 32000 0“ kod altında həyata keçirilən 13.01.2021-ci il tarixli gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdeh Bakı Baş gömrük idarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş parçanın XİF MN üzrə “5209 42 000 0” kodu ilə 0 % gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, MMC tərəfindən həmin parçanın 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün ödənilmiş 3618,27 manat (2708,10 manat gömrük rüsumu + 910,17 ƏDV) məbləğin geri qaytarılmasını xahiş etmiş və həmin ərizə hazırda Bakı İnzibati Məhkəməsinin icraatında baxılmaqdadır. Hesab edirəm ki, hazırki işin əsasını təşkil edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokol Şəxs MMC tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirildiyindən, işə baxılması mümkün deyil, yəni hazırki işin nəticəsi Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işin nəticəsindən asılıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı İnzibati Məhkəmənin icraatında olan 2- 1(112)-3695/2021 saylı işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı İnzibati Məhkəmənin icraatında olan 2-1(112)-3695/2021 saylı işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar