Məhkəmə qərarları › İş №3(009)-1971/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1971/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1971/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Bakı Şəhəri Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X2 iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon DYPŞ yol patrul inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, xx.xx.2025-ci il tarixdə, saat 21:50 radələrində, “BMW 428İ minik” markalı, 77MK066 dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X4 izahatında Bayraq Meydanı ətrafında hərəkətdə olarkən nəqliyyat vasitəsini saxladıqlarını, nəqliyyat vasitəsinə protokol tərtib etdikdən sonra Bayraq Meydanının içərisindən park yerindən təkər səslərinin gəldiyini eşitdiklərini, içəri baxarkən BMW markalı nəqliyyat vasitəsini müşahidə etdiklərini, içəriyə daxil olarkən tıxac olduğu üçün dəfələrlə həmin təkər səslərinin gəldiyini eşitdiklərini, onlar daxil olanda artıq sürücünün nəqliyyat vasitəsindən endiyini, həmin sürücünün bərəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs olduğunu, sürücünün şəxsiyyətini müəyyən etdikdən sonra İXM-nin 511.1.3-ci maddəsinin tələblərini pozduğunu ona izah etdiklərini, sürücülük vəsiqəsinin olmadığını da nəzərə alaraq şəxsin barəsində protokol tərtib etdiklərini, təhlükəsizlik kameralarından görüntüləri çıxarmağa gedərkən vətəndaşın etdiyi avtoxuliqanlıq əməllərinin Təhlükəsiz Şəhər görüntülərinə baxarkən məlum oldu ki, inzibati xətanı törətdiyi yer kor nöqtəyə düşür və buna görə də görüntülərin tam aydın olmadığını, videogörüntüdə səs olmadığını və yerdə təkər izlərinin müşahidə edilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı qəbul etməyərək 2-3 dəqiqəlik maşın sürüdüyünü, məqsədinin maşın sürməyi öyrənmək olduğunu qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon DYPŞ tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli vahid protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Tərtib edilən protokola münasibətdə məhkəmə qeyd edir ki, Məcəllənin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalı olan inzibati xətaların dairəsi müəyyən edilmişdir. Şəxs törətməkdə təqsirləndirildiyi inzibati xəta, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi həmin Məcəllənin 43.1-ci maddəsində qeyd olunan rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalı olan inzibati xətalardandır. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi isə İXM-nin 43.1-ci maddəsində qeyd olunan rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalı olan inzibati xətalardan deyil. Odur ki məhkəmə qeyd edilən protokol üzrə şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirləndirilməsinə münasibət bildirə bilməz və müvafiq araşdırma apara bilməz. Bu baxımdan məhkəmə tərəfindən hazır ki inzibati xəta haqqında iş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə araşdırılma aparılmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, iş materiallarında olan CD-diskə məhkəmə iclasında baxış keçirilən zaman inzibati xətaya dair pozuntu aşkar edilməmişdir, belə ki, qeyd edilən CD diskdəki görüntülərdə səs müşahidə edilməmiş, həmçinin yerdə təkər izlərinin olub-olmaması araşdırılmış və təqdim edilən görüntüdə təkər izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin qeyd edir ki, hazırda baxılan işin xarakteri ona deməyə imkan verir ki, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs inzibati xəta törədilməsinə aidiyyətinin olmasını və ya təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun inzibati xəta törədilməsinə aidiyyətinin olmasını və ya təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə qeyd edir ki, Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon DYPŞ yol patrul inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Beləliklə, məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədi. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və byektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə münasibətdə məhkəmə qeyd edir ki “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 328–333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün İXM-in 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs İXM-in 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə hüquqi qiymət verilməsi üçün həmin xətaya görə iş materialları Bakı şəhər Səbail rayon X6 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxılması üçün iş materialları Bakı şəhər Səbail rayon X6 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar