Məhkəmə qərarları › İş №3(009)-1978/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1978/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1978/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonu, Çağırğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabirabad rayonu, Çağırğan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail RPİ-nin Əlahiddə CPA-nın 4-cü patrul bölüyünün polis nəfərlərinin Səbail RPİ-nin 41-ci Polis Bölməsinə verdiyi raportda 28 iyun 2021-ci il tarixdə təxminən saat 16:40 radələrində təyin olunmuş inzibati ərazidə dəniz kənarı ictimai çimərlikdə xidmət apararkən göy rəngli “Opel” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobildə 2 nəfər şəxsin mübahisə etdiklərini görüb həmin avtomobilə yaxınlaşan zaman avtomobildə olan xanım onları çağıraraq həyat yoldaşından şikayətçi olduğunu bildirmişdir. Həmin qadının şikayətçi olduğu həyat yoldaşı patrul avtomobili ilə bölməyə gətirilmiş və bölmədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Həmçinin, ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs 28 iyun 2021-ci il tarixdə ərizə ilə Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edərək həmin tarixdə saat 16 radələrində az yaşlı oğlu ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyindən gələn zaman həyat yoldaşı Şəxs onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Ərizə əsasında Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Allahverən Mehdiyev tərəfindən araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından 28.07.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nin 41-ci Polis Bölməsinə həvalə edilmişdir. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 iyun 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 06 oktyabr 2021-ci il tarixli, BB 008482 nömrəli protokoldan görünür ki, Şəxs 06.10.2021-ci il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 28 iyun 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmiş, bu xüsusat müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, həyat yoldaşı Şəxs ilə 3 aydır ki, ayrı yaşayırlar, aralarında olan söz-söhbətlərə görə boşanmaq qərarına gəlmişlər. Belə ki, 28 iyun 2021-ci il tarixdə saat 15 radələrində az yaşlı oğlu ilə Şıxov çimərliyinə getmiş, yarım saat çimərlikdə olduqdan sonra çimərlikdən çıxmaq istəyən zaman əri Şamonu çimərlikdə görmüş və taksinin sürücüsünə həyat yoldaşının çimərliyə gəldiyini və qayıdıb kiminlə gəldiyinə baxmaq istədiyini demişdir. Həmin vaxt Şamonun başqası ilə gəldiyini görmüş, Şamo da onu görüb yaxınlaşmış və sürücüyə avtomobildə olanların arvadı və oğlu olduğunu deyərək avtomobildən düşməsini istəmişdir. Sonra Şamo onu güclə avtomobildən düşürməyə çalışmış, qolundan tutub dartaraq yumruqla burnundan vurmuşdur. Şamo onu dənizə tək getdiyi və taksiyə tək mindiyi üçün qısqanclıqdan vurmuşdur. Səs-küyə polis əməkdaşları gələrək onları Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, 28 iyun 2021-ci il tarixdə saat 15:30-da qohumları ilə birlikdə Şıxov çimərliyinə gedib avtomobili çimərlikdə saxlayan zaman 2 aya yaxındır ayrı yaşadığı həyat yoldaşı Röyalə mobil telefonla danışa-danışa onun avtomobilinə gəlib baxdıqdan sonra orada olan başqa avtomobilə gedib əyləşmişdir. Həmin avtomobil hərəkət edən zaman o, avtomobilə yaxınlaşmış, lakin, sonradan Röyalənin dediklərindən həmin avtomobilin taksi olduğunu, sürücünün də taksi sürücüsü olduğunu bilmişdir. Həmin avtomobilə yaxınlaşıb Röyalədən həmin şəxsin kim olduğunu soruşduqda Röyalə onun taksi sürücüsü olduğunu demişdir. Avtomobilin sürücüsünə avtomobildə olanın arvadı olduğunu deyib, oradan uzaqlaşmasını istəmişdir. Sonra aralarında mübahisə baş vermiş, Röyalənin qolundan tutub üzünə şillə vurmuşdur. Səs-küyə polis əməkdaşları gələrək onları Səbail RPİ-nin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Hazırda əməlindən peşman olmadığını, Röyalənin bir daha onun qarşısına çıxacağı halda daha betərini edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması rədd edilməsi barədə 28 iyul 2021ci il tarixli qərarda olan məhkəmə-tibbi ekspertizasının 01 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də sağ saidin aşağı 1/3-nin arxa, sol mil-bilək oynağı nahiyyəsinin ön və sol əlin arxa səthlərinin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni 28.06.2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını, o cümlədən ekspert rəyini araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı zərərçəkmiş şəxsin izahatı, iş materialları, o cümlədən ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəxs 28 iyun 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də Şəxs məhkəmə iclasında verdiyi izahatında hazırda əməlindən peşman olmadığını, zərəçəkmiş şəxsin bir daha onun qarşısına çıxacağı halda daha betərini edəcəyini bildirməsini nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 15 (on beş) gün müddətinə tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən, saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar