Məhkəmə qərarları › İş №3(009)-1981/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1981/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1981/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 41-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:50 radələrində xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında olmaqla hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 23:50 radələrində ərazidə xidmət aparan polis əməkdaşları xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 küçəsində həmin şəxsin xüsusi icazəsinin olub-olmamasını soruşmuşlar, həmin şəxs icazəsinin olmadığını bildirmişdir. Bu səbəbdən həmin şəxs bölməyə gətirilmiş və bölmədə özünü Şəxs kimi təqdim etmiş və onun barəsində İXM-nin 517-2.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, qardaşı ilə birlikdə rayondan qayıtmalı olduğundan vaxtında Bakı şəhərinə çata bilməmiş, ona görə də saat 23:50 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və 41-ci polis bölməsinə gətirilmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə “Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi” ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, komendant saatının tətbiq edildiyi ərazilərdə - şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş, xüsusi giriş-çıxış rejimi tətbiq edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülməsi qərara alınmışdır. Göründüyü kimi, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:50 radələrində komendant saatı vaxtında küçədə olmaqla hərbi vəziyyət zamanı tətbiq edilən qaydaların tələblərini pozmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatı ilə də təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən, xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. (İXM-24.2) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, qeyd edilən inzibati xətanı ilk dəfə törətməsini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, eləcə də onun inzibati qaydada tutulduğunu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş xəbərdarlıq növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində xəbərdarlıq elan edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar