Məhkəmə qərarları › İş №3(009)-1984/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1984/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1984/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 sentyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 23 iyul 2021 -ci il tarixindən etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsilə “Toyota Prius” markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edir. 08 sentyabr 2021 -ci il tarixdə təxminən saat 21:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu ilə yolun dördüncü zolağı, sol tərəfi ilə üzü Əl Oyunları istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ tərəfindən avtomobillərin arasından bir nəfərin çıxıb onun idarə etdiyi avtomobilə tərəf qaçaraq yolu keçən zaman həmin şəxsi idarə etdiyi avtomobillə vurmuşdur. Hadisə anidən baş verdiyindən və məsafə az olduğundan əyləcdən istifadə etsə də, hadisədən yayına bilməmişdir. Həmin vaxt avtomobili saxlayaraq həmin şəxsi öz avtomobili ilə yaxınlıqda yerləşən təcili tibbi yardım stansiyasına aparmış, oradan da həmin şəxsi Respublika xəstəxanasına aparmışlar. Xəsarət almış şəxsi təxminən 3 metr məsafədən görmüşdır. Hadisədən əvvəl spirtli içki və ya psixotrop maddə qəbul etməmiş, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Özünü təqsirli bilir, əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə- tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 597 nömrəli rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər - sağ bazu oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun yuxarı 1/3-nin ön səthinin geniş ölçülü qançırı, sağ kürək, hər iki bel nahiyələrinin qançırları, eləcə də sağ çiyinüstü, sol bel nahiyələrinin və döş qəfəsinin sağ yarısının arxa səthinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 08 sentyabr 2021-ci il tarixdə Şəxs idarə etdiyi “Toyota Prins” markalı 90 UF. 785 dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu. Salyan şossesi ilə 50- 60 km/saat sürətlə hərəkətdə olan zaman piyada qismində yolu qadağan olunmuş hissədən keçən X3 vurması nəticəsində X1 bazu oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun yuxarı 1/3-nin ön səthinin geniş ölçülü qançırı, sağ kürək, hər iki bel nahiyələrinin qançırları, eləcə də sağ çiyinüstü, sol bel nahiyələrinin və döş qəfəsinin sağ yarısının arxa səthinin sıyrıqları kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar