Məhkəmə qərarları › İş №3(009)-1985/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1985/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1985/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 19:10 radələrində idarə etdiyi ** NK *** dövlət qeydiyyat nişanlı Volvo XC 90 markalı avtomobilini Bakı şəhəri Səbail rayon 20-ci sahə dairəsi yaxınlığında yerləşən Araz marketin qarşısında heç bir yol hərəkəti nişanı olmayan ərazidə qısa müddətli park etdi. Təxminən 3-dəqiqə ərazində geri qayıdarkən DYP əməkdaşının avtomobilinə 80 azn 2 bal cərimə yazdığının şahidi oldu. Bu zaman tərəfindən DYP əməkdaşına cərimə yazılan ərazidə heç bir parklama və qadağan edici yol hərəkəti nişanının olmamasını izah etdi. Baxmayaraq ki, bu ərazidə yaşayan sakinlərin qeyd edilən yerdə marketə giriş üçün avtomobillərini müvəqqəti dayanacaq kimi istifadə edir həmçinin bu ərazidə parklama şəraitinin də yaradılması daha məqəsədə uyğun olardı. DYP əməkdaşı qanunvericiliyin tələbini izah etsə də, yol hərəkəti nişanlarının həm marketin sağ və sol istiqamətində olan yollara heç bir maneçiliyi olmamasını göstərdi. Yol hərəkəti nişanı olmayan ərazidə yerdə də yol ayrıcı və qadağan edici xəttlərin olmaması tərəfindən DYP əməkdaşına göstərildi. Qeyd edilənlənlərə baxmayaraq DYP əməkdaşı yerində qərarlı cərimə yazmışdır. İXM-nin 122.8-ci maddəsinin tələbləri pozulub. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (vətəndaş) İXM-də nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan, nəzərdə tutulmuş qaydada şikayət verilmə vaxtı imkanından məhrum edilir. Bu baxımdan barəsində tərtib edilmiş inzibat xəta haqqında qərar qanunun tələblərini pozur. Qeyd olunanları nəzərə alaraq, ərazidə olmayan yol hərəkəti nişanlarının Azəraycan Respublikası İnzibati Xətəlaı Məcəlləsində nəzərdə tutulan qanunvericiliyin tələblərinə uyğun olmayan, xx.xx.2021-cı il tarixli inzibati xəta barədə qəbul edilmiş EQ23122145 saylı qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə X5 tərəfindən xx.xx.2024 tarixində saat 19:14:27 radələrində Bakı Salyan Yolu Dalan 3, 18 əzazisində ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu Məcəllənin 346.1, 346.2, 346.4–346.9 və ya 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə iclasında video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ** NK *** dövlət qeydiyyat nişanlı Volvo XC 90 markalı avtomobilin dayandığı ərazidə yol hərəkəti nişanının, yerdə yolayrıcı və ya qadağanedici xəttlərin mövcudluğu öz əksini tapmır. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarında müəyyən edilir ki, X1 inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli (EQ23122145 protokol əsasında) inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli (EQ23122145 protokol əsasında) inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli (EQ23122145 protokol əsasında) inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar