Məhkəmə qərarları › İş №3(009)-1990/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1990/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1990/2022 13.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Əlirza Azər oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Zəngilan rayonu, Bəşarət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)-2736/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10.500 manat məbləğində vəsait tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu xx.xx.2021-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında sosial müdafiə fondunda işsiz kimi qeydiyyatda olduğunu, bu günə kimi ödəniş etmədiyini, tam şəkildə 01 (bir) il müddətində ödəyəcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə icra sənədinin icrası ilə bağlı borcluya inzibati protokol tərtib edilmiş və Səbail rayon məhkəməsinin qərarı ilə 500 manat inzibati cərimə edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə 400 manat və xx.xx.2022-ci il tarixdə 300 manat tələbkara ödəniş etmişdir. İcra sənədində qeyd olunan öhdəliyi tam icra etmədiyinə görə boclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə 200 manat tələbkara ödəniş etmişdir. xx.xx.2022-ci il tarixdə borclu şöbəyə təhvil verilmişdir. İş üzrə borcluya xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib edilərək sənədlər Səbail rayon məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən inzibati protokola xitam verilmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir və hazırda borc 9600 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X5 bildirmişdir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2736/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 10.500 manat borc ona ödənilməlidir. Borclu tərəfindən qeyd olunan öhdəlik tam icra olunmamışdır. Noyabr ayında aralarında borcun müqabilində ona torpaq sahəsi veriləcəyinə dair razılaşma əldə olunmuşdur. Lakin bir ay keçməsinə baxmayaraq borclu tərəfindən heç bir hərəkət edilməmişdir. 2017-ci ildən neçə il keçmişdir, hazırda borclu borcu əlavə 20 % ödəməklə qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarlarınına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, lakin hazırda borcu tam şəkildə ödəmək iqtidarında deyil, buna görə də bu ilin noyabr ayında tələbkara borcun əvəzində 3 sot torpaq sahəsi verilməsini təklif etmiş, lakin borclu 48.000 manat dəyəri olan 10 sot torpaq sahəsinin ona verilməsini tələb edir, bu isə mümkün deyil, onun tələbkara 9600 manat borcu qalmışdır. Borcunu tez bir zamanda ödəyəcəkdir. Noyabr ayından hələ bir ay keçməmiş təkrarən ondan şikayət etmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2736/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 10.500 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2736/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 10.500 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. Borclu xx.xx.2022-ci il tarixdə 400 manat və xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 200 manat olmaqla tələbkara cəmi 900 manat ödəniş etmişdir. Hazırda borc 9600 manat təşkil edir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasının tam təmin edilməməsinə rəsmi olaraq heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda borcundan ödənişlər etməyə cəhd etdiyini də nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar