Məhkəmə qərarları › İş №3(009)-1992/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1992/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1992/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X8 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X8 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi belə əsaslandırmışdır ki, qərarın aid olduğu yol nəqliyyat hadisəsi xx.xx.2024 tarixində saat 14:45 radələrində Azneft dairəsində baş verib. Hadisə anbaan maşınında quraşdırılmış video-qeydiyyatçı vasitəsi ilə öndən və arxadan qeydə alınıb. Videodan da göründüyü kimi, o özünə məxsus ağ rəngli Lexus LX470 markalı **-FR-*** DQN-li avtomobili ilə (peyk şəklindəki sxemdə yaşıl rənglə işarələnib) Bayıl istiqamətindən Azneft dairəsinə daxil olur. Daxil olarkən, qanunun tələbinə uyğun olaraq, dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verir. Dairənin Niyazi küçəsi istiqamətinə çıxışındakı nişanlanma xətlərinin tələbinə əməl edərək, Niyazi küçəsinə çıxmaq üçün soldan ikinci zolaqla hərəkətinə davam edir. Xüsusilə vurğulamaq istəyir ki, dairədə olarkən, videodan da göründüyü kimi, o öz zolağının hüdudlarından kənara çıxmır və öz zolağı ilə Nizayi küçəsi istiqamətində hərəkət edir. Bu zaman həmin dairəyə ondan sonra, eyni istiqamətdən (Bayıl tərəfdən) və onun solu ilə (yəni, kənar sol zolağa) daxil olan ağ rəng Hyundai Sonata markalı **-FP-*** DQN-li avtomobil (peyk şəklindəki sxemdə qırmızı rənglə işarələnib) dairədə müəyyən məsafə qət etdikdən sonra qəflətən zolağını sağa doğru dəyişib kənar sol zolaqdan birbaşa Neftçilər prospektinə (Qız Qalası istiqamətinə) çıxmağa qərar verir və bu zaman onun daxil olmağa çalışdığı zolaqla ondan bir qədər daha öndə hərəkətdə olan onun avtomobilini sol arxa təkər hissəsindən vurur və vurduqdan sonra israrlı şəkildə sükanı sağa çevirməyə davam edərək, təkərdən sonra arxa buferinin də yan və künc hissələrini zədələyir. Ancaq yarıya qədər onun zolağına çıxdıqdan sonra dayanır və nə baş verdiyini sanki anlamış olur. Daha sonra ərazidə xidmət çəkən DYP əməkdaşları hər iki maşına təhlükəsizlik adacığına keçməyə göstəriş verir və daha sonra inspektor gələnə qədər dairənin bulvar hissəsində dayanmağa göstəriş verirlər. Təqdim etdiyi videolardan da, aydın olduğu kimi, sağında öz zolağı ilə zərəkət edən nəqliyyat vasitəsinə yol verməyərək manevr edən və hərəkət etdiyi zolağı dəyişərək avtomobilini arxa sol tərəfdən vuran avtomobil “X7” Azərbaycan Respublikasının Qanununun 42.5 maddəsinin tələbini pozmuşdur. Həmin maddədə deyilir: "Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir." Həmçinin, həmin Qanunun 42.6 maddəsində deyilir ki : "Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır." Və bu maddənin tələbini də həmin sürücü tərəfindən riayət olunmamışdır, belə ki, sağa dönüb dairədən çıxmaq istəyən zaman həmin sürücü dairənin kənar sol (daxili) zolağı ilə hərəkət edirdi. xx.xx.2024-cü il tarixədək sözügedən qərar rəsmi şəkildə kağız daşıyıcıda ona təqdim olunmamışdır. İndiyə qədər yol nəqliyyat hadisəsinə səbəbkar olmamış və bu səbəbdən avtomobilini sığortaladığı sığorta şirkətində nümunəvi sürücü adına layiq görülmüşdür. Sözügedən hadisədə günahsız olduğuna baxmayaraq, TP6690734 nömrəli qərara əsasən hadisənin günahını onun üstünə atmağa nail olsalar, sığorta tarixçəsi də özgəsinin törətdiyi əmələ görə korlanmış olacaq. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, ərizə verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X8 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, X4 tərəfindən xx.xx.2024 tarixində saat 14:45 radələrində Azneft dairəsi ərazisində Lexus LX470 markalı **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Lexus LX470 markalı **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmadan öz zolağı ilə hərəkət edir və heç bir manevr etməyi öz əksini tapmır. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarında müəyyən edilir ki, X1 inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X8 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X8 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhər X8 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar