Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, protokol və aktda göstərildiyi kimi şikayətçilər tərəfindən 25 oktyabr 2024-cü il tarixdə şifahi müraciət edilmiş və həmin gün monitorinq keçirilmişdir. Lakin yoxlama 28 oktyabr 2024-cü il tarixdə keçirilmiş və akt həmin gün tərtib edilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, həmin ərazidə səs-küy çirklənməsi 65,8 dBA (norma- 60,00 dBA) təşkil edir və bu ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi- müfəttişi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə izahatında göstərmişdir ki, səs-küylə bağlı şikayət 28 oktyabr 2024-cü il tarixdə daxil olmasına baxmayaraq yoxlama 25 oktyabr 2024-cü il tarixdə aparılmışdır. Halbuki 25 oktyabr 2024-cü il tarixdə restoranlarından səs gəlməmişdir. Həmin ərazidə başqa 2 restoranda var. Səsin oradan gəlmədiyi, məhz “Balagan” restoranından gəldiyi necə müəyyən edildiyi məlum deyil. Yoxlanış qeyri-rəsmi qaydada keçirilmişdir. Əgər yoxlama 25 oktyabr 2024-cü il tarixdə keçirilmişdirsə, niyə 28 oktyabr 2024-cü il tarixdə təkrar yoxlanış keçirilmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 Monitorinq İdarəsi Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin operativ monitorinq qrupunun mühəndisi X4 izahatında göstərmişdir ki, Nazirliyin mətbuat xidməti və çağrı mərkəzi var. 25 oktyabr 2024-cü il tarixdə axşam saatlarında şikayətçilər tərəfindən zəng vasitəsilə şifahi şəkildə müraciət edilmiş və həmin gün ətraf mühitin mühafizə monitorinqi keçirilmişdir. Montorinq keçirilən gün musiqinin səsi azaldılmışdır. 26 və 27 oktyabr 2024-cü il tarixlərdə yenidən şikayət daxil olduğu üçün “Balagan” restoranın rəhbəri X3 və şikayətçilərin iştirakları ilə 28 oktyabr 2024-cü il tarixdə yoxlama keçirilmiş və ölçmə aparılmışdır. Məhkəmə tərəfləri, şahid izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 16 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balagan” iaşə obyektinin fəaliyyəti zamanı XKEMİ-nin mütəxəssisləri tərəfindən səs-küyün müəyyənləşdirilməsi məqsədilə ölçmə işləri aparılmış, ölçmə işləri zamanı səs-küyün səviyyəsi ətraf mühit üçün yol verilə bilən hədd normasından artıq olmuşdur. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsinin xx.xx.2024-cü il tarixli, № 002609 aktdan görünür ki, monitorinq ölçmə işləri “Balagan” iaşə obyekti fəaliyyətdə olan zaman şikayətçilərin yaşadığı binanın iaşə obyektinin arxa tərəfində PCF-322 A səyyar cihazı vasitəsilə aparılan ölçmənin nəticələrinə görə həmin ərazidə səs-küy çirklənməsi 65,8 dBA (norma- 60,00 dBA) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 87914 aktdan görünür ki, qeyd olunanlarla əlaqədar X7 Monitorinq İdarəsinin mütəxəssisi tərəfindən iaşə obyekti fəaliyyətdə olan zaman şikayətçilərin və iaşə obyektinin meneceri Kənan adlı şəxsin iştirakı ilə ətraf mühitə yayılan səsküyün ölçülməsi ilə əlaqədar ölçmə analiz işləri aparılmış, aparılan ölçmə analiz işləri zamanı ətraf mühitdə yayılan səs-küyün səviyyəsi ətraf mühit üçün yol verilə bilən həddən artıq olduğu müəyyən olunaraq xx.xx.2024-cü il tarixli 002609 nömrəli monitorinq aktı tərtib olunmuşdur. Ölçmə-analizin nəticəsi iaşə obyektinin menecerinə təqdim olunsa da, həmçinin iştirak etsə də, monitorinq aktına imza etməkdən imtina etmişdir. Qeyd olunanlarla bağlı iaşə obyektinin menecerinə “ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy edilməsi “normalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının tələblərinin pozulduğu izah olunmuş, aşkar olunmuş faktla bağlı akt tərtib olunacağı bildirilsə də, aktın tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, cihazı vasitəsilə aparılan ölçmənin nəticəsində səs-küyün ölçüsü 65,8 dBA (desibel) olduğu müəyyən edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin rəhbəri X3 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, restoranda canlı musiqi istifadə olunur ki, ətrafa səs-küyün yayılmaması üçün restorana izolyasiya eləmişdirlər. Həmçinin iy-qoxunun qarşısını almaq məsqədilə elektrostatik qurğu var. Nəzərə alınması xahiş edilmişdir. Göründüyü kimi Şəxs MMC-yə məxsus “Balagan” restoranının fəaliyyəti zamanı səs-küy vibrosiyanın normadan artıq olması faktı iş materiallarında olan Akt, monitorinq aktı və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri” Normalarının: 1.3-cü bəndinə görə bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. 2.3-cü bəndinə görə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir (cədvələ əsasən maksimal səviyyə 60 dBA). Həmin fərmanın “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” adlı 1-ci cədvəlin 16-cı bəndində göstərilir ki, mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs-küyün səs təzyiqinin maksimal səviyyə həddi 60dBAdır Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 34.3, 40, 43, 114-115, 128-130 və 275.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinərək barəsində 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver