Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-20/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, “AZNEFT” İB-nin nümayəndələri “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X8 və “AZNEFT” İB-nin Hüquq Departamentinin rəisi X5 iştirakları ilə, “AZNEFT” İB-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AZNEFT” İB-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixdə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, AZ1095, ünvan 1 ünvanında fəaliyyət göstərən “AZNEFT” İB (VÖEN **********) ********.00 ABŞ dolları məbləğində vəsaiti 31 oktyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ********.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 01 noyabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə, “AZNEFT” İB tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə və əvvəlki məhkəmə iclasında iştirak etməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən “AZNEFT” İB-nin nümayəndələri X6 və X8 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, “AZNEFT” İB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğuna və SOCAR-ın “Azneft” İB-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati icraata xitam verilməlidir. Belə ki, SOCAR-ın “Azneft” İB ilə “Compra Energy S.A.” şirkəti arasında 02.09.2013-cü il tarixdə “Qaradağ X1 hazırlanması qurğularının tikintisi” və “Qalmaz X1 hazırlanması qurğularının tikintisi” üçün ABŞ istehsalı olan Exterran tədarükünı dair 33915106 ABŞ dolları dəyərində müqavilə bağlanmışdır. 01.12.2014-cü il tarixdə həmin müqavilənin 3.1-ci bəndinə əsasən dəyişiklik edilmiş və 53-57 təqvim həftəsində malları alıcının ünvanına göndərilməsi tərəflər arasında razılaşdırılmışdır. 02.09.2013-cü il tarixli alqı-satqı müqaviləsinə 25.01.2019-cu il tarixdə dəyişiklik edilmiş və “Compra Energy S.A.” şirkətinin öhdəlikləri “LLAMREİ DMCC” şirkətinə ötürülmüşdür. 31.10.2019-cu il tarixdə “Azneft” İB Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə “LLAMREİ DMCC” şirkətinə 16957553 ABŞ dolları məbləğində pul köçürülmüşdür. 18.03.2021-ci il tarixdə “Azneft” İB ilə “LLAMREİ DMCC” şirkəti arasında satınalma predmeti olan qurğunun həcminin böyük olması, tam həcmdə və eyni anda tədarük olunması mümkünsüzlüyü, malın hissələrlə yola salınması, gömrük rəsmiləşdirilməsindən keçirilməsi və qəbulunun mümkün edilməsi üçün əlavə razılaşma bağlanmışdır. “LLAMREİ DMCC” şirkəti 27.04.2021-ci il tarixli məktubla “Azneft” İB müraciət edərək bildirmişdir ki, istehsalı tamamlanmış avadanlıqların uzun müddətdir istehsalçı zavodlarında saxlanılıb. İstehsalçının müqavilə şərtlərinə əsasən şirkətimizə tətbiq edə biləcəyi saxlanc və eləcə də, Azərbaycana çatdırıldığı təqdirdə gömrükdə yarana biləcək boşdayanma xərclərim minimuma endirmək məqsədilə, şirkət iki fərqli ölkədə anbarlar icarəyə götürmüşdür. istehsalı tamamlanmış avadanlıqlar Gürcüstanın Poti şəhərində yerləşən sərbəst bölgədəki saxlanc anbarında yerləşdirilmişdir. “Azneft” İB 29.10.2021-ci il tarixli məktubla Azərbaycan Beynəlxalq Bankına müraciət edərək, “LLAMREİ DMCC” şirkəti ilə bağlanmış müqavilə üzrə avadanlıqların istehsalının artıq başa çatmasını və göndərişə hazır olmasını, xüsusi xarakterli və böyük qabaritli olmaqla çox sayda nəqliyyat vasitəsilə tədarük olunaraq hissələrlə gömrük rəsmiləşdirilməsindən keçirilməsi zərurətini nəzərə alaraq, malın tədarükü ilə bağlı tələb olunan sənədlərin təqdim edilməsi üçün 31.01.2022-ci il tarixinədək möhlət verilməsi xahiş edilmişdir. 21.12.2021-ci il tarixdə “LLAMREİ DMCC” şirkəti “Azneft” İB müraciət edərək bildirmişdir ki, “Azneft” İB tərəfindən 16957553 ABŞ dolları avans ödənişi edildikdən dərhal sonra 2019-cu ilin oktyabr ayından başlayaraq, stansiyanın yerinin dəyişdirilməsi və daha səmərəli yerdə tikilib quraşdırılması barədə müzakirələrə başlanmış, eyni zamanda da müqavilə ilə müəyyən olunmuş qurğu və avadanlıqların Azərbaycana idxal olunması işlərinə başlanılmış, lakin 2020-ci ilin əvvəllərindən dünyanı cənginə alan COVİD-19 Pandemiya epidemiyasının geniş yayılması, həmçinin də epidemiyanın Azərbaycanda 2020-ci ilin mart ayından geniş yayılması sözügedən işlərin vaxtında həyata keçirilməsində yubanmalara əsas olmuşdur. Lakin buna baxmayaraq göstərilən qurğu və avadanlıqlar əsasən Gücüstana gətirilmiş və uzun müddətdir ki, Poti limanında saxlanca verilmişdir. 04 Oktyabr 2021-ci il tarixli, LLAMREİ-QLMZ-GRD-GDU- DTF-AZNEFT-037 nömrəli rəsmi məktubda da qeyd edildiyi kimi, istehsalı tamamlanmış avadanlıqların uzun müddətdir (10 ay) istehsalçı zavodlarında saxlanılıb. Poti anbarındakı malların ümumi dəyəri 12,951,754.54 (on iki milyon doqquz yüz əlli bir min yeddi yüz əlli dörd dollar və 54 sent) ABŞ dollarıdır, Çin anbarındakı malların ümumi dəyəri isə 1,143,395.17 (bir milyon yüz qırx üç min üç yüz doxsan beş dollar və 17 sent) ABŞ dollarıdır. Şirkət bu anbarların icarəsi və malların düzgün şəraitdə saxlanılmasını təmin edilməsi üçün aylıq ödəmələr həyata keçirir. "Azneft" İB-dən yük alanın dəqiq adını aldıqdan və müvafiq əlavə razılaşma təsdiq edildikdən sonra, Potidə saxlanılan mallar/avadanlıqlar 15-35 iş günü ərzində Azərbaycana idxal olunacaqdır. Digər Çin anbarında olan mallar/avadanlıqlar isə məsafənin uzaq olması və avadanlıqların daha iri həcmli olması səbəbindən Azərbaycana idxalı 60 iş günü ərzində mümkün olacaqdır. “LLAMREİ DMCC” şirkəti ilə “Azneft” İB arasında 25.10.2021-ci il tarixdə Müqavilə üzrə qarşılıqlı borcların əvəzləşdirilməsi barədə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən, “Azneft” İB-nin “LLAMREİ DMCC” şirkətinə 041/2016 saylı müqavilə üzrə 134909.17 ABŞ dolları, 012/2016 saylı müqavilə üzrə 188839.86 ABŞ dolları, 108/2016 saylı müqavilə üzrə 142538.24 ABŞ dolları, 040/2014 saylı müqavilə üzrə 65120.64 ABŞ dolları, 083/2014 saylı müqavilə üzrə 536328.16 ABŞ dolları, 133/2018 saylı müqavilə üzrə 382185.83 ABŞ dolları, 035/2018 saylı müqavilə üzrə 523088.21 ABŞ dolları, 346/2018 saylı müqavilə üzrə 405944.5 ABŞ dolları,629/SAM/2019 saylı müqavilə üzrə 894626.49 ABŞ dolları, cəmi 3273580.60 ABŞ dolları borcu vardır. “Azneft” İB-nin 116/2013/180-A0011-13SGİ müqavilə üzrə ödənilmiş avansdan qalan 2862403.29 ABŞ dolları “LLAMREİ DMCC” şirkətinə olan borcundan əvəzləşdirilmişdir. Bildiririk ki, “Qaradağ X1 hazırlanması qurğularının tikintisi” və “Qalmaz X1 hazırlanması qurğularının tikintisi” üçün alınan mallar xüsusi və mürəkkəb mallar olduqlarından onların istehsal olunması və çatdırılması xeyli müddət aparmış. Həmçinin, “LLAMREİ DMCC” şirkəti tərəfindən qurğu və avadanlıqların Azərbaycana idxal olunması işləri başlanılmış, lakin 2020ci ilin əvvəllərindən COVİD-19 epidemiyasının dünyada, həmçinin də epidemiyanın Azərbaycanda 2020-ci ilin mart ayından geniş yayılması sözügedən işlərin vaxtında həyata keçirilməsində yubanmalar baş vermiş, istehsalı tamamlanmış avadanlıqlar uzun müddət istehsalçı zavodlarında saxlanılmış, Azərbaycan Respublikasına çatdırıldığı təqdirdə gömrükdə yarana biləcək boşdayanma xərclərinin minimuma endirmək məqsədilə, “LLAMREİ DMCC” şirkəti iki fərqli ölkədə Gürcüstanın Poti şəhərində və Çində yerləşən anbarlar icarəyə götürülmüşdür. Göründüyü kimi, “Azneft” İB ilə “LLAMREİ DMCC” şirkəti arasında bağlanmış müqaviləyə əsasən “Qaradağ X1 hazırlanması qurğularının tikintisi” və “Qalmaz X1 hazırlanması qurğularının tikintisi” üçün alınan malların istehsal olunması, çatdırılması müəyyən edilmiş müddətdən daha çox zaman aparması “Azneft” İB-nin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mərkəzi Bank araşdırma aparmadan, “Azneft” İB-nə məlumat vermədən, “Azneft” İB-nin sübutlarını təqdim etməyə, materiallarla tanış olmağa şərait yaratmadan inzibati xəta haqqında protokol tərtib etmiş və məhkəməyə göndərmişdir. Həmçinin, MN ******* nömrəli 07.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolan görünür ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş, hüquqları və vəzifələri izah edilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, onun protokolu imzalamaqdan imtina etməsi barədə heç bir qeyd aparılmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin 53.1.2 və 53.2-ci və digər maddələrini rəhbər tutaraq məhkəmədən, SOCAR-ın Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “AZNEFT” İB-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş SOCAR-ın Şəxs tərəfindən Azərbaycan Beynəlxalq Bankı Müştəri xidməti departamentinə 29.10.2021-ci il tarixdə ünvanlanmış “müqavilə üzrə malların tədarükü haqqında” məktubda qeyd edilir ki, Azneft İB ilə “Compra Enerjy S.A” şirkəti arasında qazın kompleks hazırlanması qurğuların satın alınması məqsədilə 02 sentyabr 2013-cü il tarixli, 116/2013 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Llamrei DMCC şirkətinə 30.10.2019-cu il tarixdə Azneft İB tərəfindən 16957553 ABŞ dolları məbləğində avans olaraq vəsait ödənilmişdir. Qurğunun xüsusi xarakterli və müxtəlif istehsalıçıların istehsal etdiyi avadanlıqlardan istifadə edilərək quraşdırılımasının tələb olunması və bununla da tədarükü uzun müddət tələb edən avadanlıqlar qrupuna daxil olmasını nəzərə alaraq, malın alıcının ünvanına yola salınması 53-57 həftə nəzərdə tutulmuşdur. Məlum olduğu kimi 2020-ci ilin əvvəllərində dünyanı bürüyən Covid-19 pandemiyası ilə əlaqədar olaraq istehsalçı müəssisələr öz fəaliyyətini tam və qismən dayandırmış, bununla da istehsalçıların bütün dünya üzrə istehsal planlarında kəskin dəyişikliklər olmuşdur. Bu hal beynəlxalq praktikada olduğu kimi bu müqavilə üzrə də “Forsmajor” halı olaraq qiymətləndirilmiş və tərəflər arasında anlayışla qarşılanmışdır. Yuxarıda qeyd olunanları, eləcə də avadanlıqların istehsalının artıq başa çatmasını və göndərişə hazır olmasını xüsusi xarakterli və böyük qabaritli olmaqla çox sayda nəqliyyat vasitəsi ilə tədarük olunaraq hissələrlə gömrük rəsmiləşdirilməsindən keçirilməsi zərurətinin olmasını nəzərə alaraq malın tədarükü ilə bağlı tələb olunan sənədlərin təqdim olunması üçün 31.01.2022-ci il tarixinədək möhlət verilməsi xahiş edilmişdir. "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ilə “Satıcı” “Compra Energy S.A.” şirkəti arasında bağlanmış 02 sentyabr 2013-cü il tarixli alqısatqı müqaviləsinin ümumi dəyəri 33,915,106.00 ABŞ dolları (otuz üç milyon doqquz yüz on beş min bir yüz altı ABŞ dolları) təşkil etmişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən Alıcı tərəfindən bu Müqavilənin 4.1-ci bəndində göstərilmiş öhdəliklər yerinə yetirildikdən sonra mallar 40 təqvim həftəsi müddətinə Alıcının yükalanın ünvanına hissə-hissə yola salınacaqdır. 02 sentyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə olan 1 nömrəli əlavə razılaşma ilə həmin müqavilənin 3.1-ci bəndi dəyişdirilmiş və qeyd edilmişdir ki, Əlavə Razılaşma imzalandıqdan sonra 53-57 təqvim həftəsi müddətində X13 Anbarı üçün və 57 təqvim həftəsi müddətində X14 Anbarı üçün nəzərdə tutulmuş Alıcının yükalanın ünvanına hissə-hissə yola salınacaqdır. Bundan başqa iş materiallarından görünür ki, 02.09.2013-cü il tarixli alqı-satqı müqaviləsinə 25.01.2019-cu il tarixdə dəyişiklik edilmiş və “Compra Energy S.A.” şirkətinin öhdəlikləri “LLAMREİ DMCC” şirkətinə ötürülmüşdür. 31.10.2019-cu il tarixdə “Azneft” İB Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə “LLAMREİ DMCC” şirkətinə 16957553 ABŞ dolları məbləğində pul köçürülmüşdür. 18.03.2021-ci il tarixdə “Azneft” İB ilə “LLAMREİ DMCC” şirkəti arasında satınalma predmeti olan qurğunun həcminin böyük olması, tam həcmdə və eyni anda tədarük olunması mümkünsüzlüyü, malın hissələrlə yola salınması, gömrük rəsmiləşdirilməsindən keçirilməsi və qəbulunun mümkün edilməsi üçün əlavə razılaşma bağlanmışdır. “LLAMREİ DMCC” şirkəti 27.04.2021-ci il tarixli məktubla “Azneft” İB müraciət edərək bildirmişdir ki, istehsalı tamamlanmış avadanlıqların uzun müddətdir istehsalçı zavodlarında saxlanılıb. İstehsalçının müqavilə şərtlərinə əsasən şirkətə tətbiq edə biləcəyi saxlanc və eləcə də, Azərbaycana çatdırıldığı təqdirdə gömrükdə yarana biləcək boşdayanma xərclərini minimuma endirmək məqsədilə, şirkət iki fərqli ölkədə anbarlar icarəyə götürmüşdür. İstehsalı tamamlanmış avadanlıqlar Gürcüstanın Poti şəhərində yerləşən sərbəst bölgədəki saxlanc anbarında yerləşdirilmişdir. İstehsalçının müqavilə şərtlərinə əsasən şirkətə tətbiq edə biləcəyi saxlanc və eləcə də, Azərbaycana çatdırıldığı təqdirdə gömrükdə yarana biləcək boşdayanma xərclərini minimuma endirmək məqsədilə, şirkət iki fərqli ölkədə anbarlar icarəyə götürmüşdür. Bu anbarlardan biri Gürcüstanın Poti şəhərində, digəri isə Çində yerləşir. Poti anbarındakı malların ümumi dəyəri 12,951,754.54 (on iki milyon doqquz yüz əlli bir min yeddi yüz əlli dörd dollar və 54 sent) ABŞ dollarıdır, Çin anbarındakı malların ümumi dəyəri isə 1,143,395.17 (bir milyon yüz qırx üç min üç yüz doxsan beş dollar və 17 sent) ABŞ dollarıdır. Göründüyü kimi “AZNEFT” İB (VÖEN **********) ********.00 ABŞ dolları məbləğində vəsaiti 31 oktyabr 2019-cu il tarixdə xaricə köçürmüş, avans yolu ilə ödənilmiş valyuta müqabilində sifariş olunmuş mallar-avadanlıqlar - həcmin böyük olması, tam həcmdə və eyni anda tədarük olunması mümkünsüzlüyü, malın hissələrlə yola salınması, gömrük rəsmiləşdirilməsindən keçirilməsi və qəbulunun mümkün edilməsi üçün iki fərqli ölkədə anbarlarda saxlanılır. Həmin mallar ölkəyə tərəflər arasında razılaşmada göstərilmiş müddətdə idxal olunacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Azərbaycan Respublikasinin Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikası Mərkəzi X10 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, .... məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, .... idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Bundan başqa, 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116-VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan suiistifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, “AZNEFT” İB-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “AZNEFT” İB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-20/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-20/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver