Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2001/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli, MN saylı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tərkibi hissəsi olması əsası ilə 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tam, obyektiv və hərtərəfli araşdırma aparmadan, prokurorluq orqanı tərəfindən formal qaydada tərtib edilmiş sənədlərə istinad edərək əsassız və qanunsuz olaraq X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Ümumiyyətlə, əməllərində təqsirləndirildiyi Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Buna görə də qərar inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal, yəni inzibati xətanın tərikibi olmaması səbəbindən ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Həmçinin, bildirmək istəyir ki, Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli qərarı 26 avqust 2024cü il tarixində rəsmi qaydada əldə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi Nümayəndə2, şikayətin təmin edilməsini, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Baş Prokurorluğun 17 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərarına əsasən 29 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Zed Centre” adlı obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərdiyi aşkar olunmuş və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmalı, barəsində inzibati tənbeh tətbiq edilərkən isə təqsirinin dərəcəsi nəzərə alınmalıdır. İnzibati xəta haqqında işlər üzrə icraatın vəzifələri də məhz işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarət olmaqla məhz inzibati xəta törətmiş şəxsi aşkar etməyə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin baş verib-verməməsi, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı da mütləq şəkildə müəyyən edilməli olan hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarından, inzibati tənbeh vermə haqqında qərardan və inzibati xəta haqqında protokoldan aydın olur ki, X1 yoxlamada iştirak etməmiş, yoxlamanın nəticələrinə əsasən lisenziya əldə etmədən onun kosmetoloji xidmətlər göstərməsini təsdiq edən sübutların ona və məhkəməyə təqdim olunmamış, qərar yalnız barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsin sosial şəbəkələrdə tibbi prosedurlarla bağlı etdiyi paylaşımlar və eləcə də baxış keçirilən obyektdə yerləşən otaqlardan birində onun ad və soyadının yazıldığını göstərən bir lövhənin olmasına əsaslanaraq qəbul olunmuşdur. Halbuki şəxsin təqsiri mülahizələr və ya ehtimallar əsasında deyil, konkret faktlar və dəlillərlə sübut edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə heç bir halda öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə ki, "sübutetmə yükü" barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin deyil, məhz müvafiq rəsmiləşdirməni apararaq protokolu tərtib edən inzibati orqanın və onun vəzifəli şəxsinin üzərinə düşür. Həmçinin nəzərə almaq lazımdır ki, inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirli olmasına dair şübhələr olduqda da bu şübhələr onun xeyrinə həll edilir. İndiki halda E.Lətifovanın sosial şəbəkələrdə paylaşdığı məlumatlar, eləcə də baxış keçirilən obyektdə onun adını əks etdirən lövhənin olması şəxsin təqsirli olması barəsində şübhələrdən ibarət olub, bu şübhəni aradan qaldıran hər hansı bir sübut mövcud deyildir. Buna görə də həmin şübhələr də onun xeyrinə həll edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair işə yenidən baxılarkən, yoxlamanın 08-09 aprel 2024-cü ildə keçirildiyini, həmin vaxtdan dörd aydan artıq müddətin keçdiyi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarında inzibati tənbehin tətbiq edilməsi üçün müəyyən edilmiş müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar qeyd edilir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, işin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin yenidən araşdırılması zamanı iş üzrə icraatı aparan orqan inzibati xətalar haqqında iş üzrə icraatı rədd edən halların olub-olmamasını və şəxsin müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad olunub-olunmamasını da aydınlaşdırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2001/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2001/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver