Məhkəmə qərarları › İş №3(009)-2004/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2004/2022

28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2004/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 21 oktyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 08:23 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi Changan markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs, bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində yol ayrıcında bir nömrəli tras tədbiri zamanı avtomobillərin yol hərəkətini tənzimləyən anda gözlənilmədən onun arxa tərəfindən avtomobil dəyib onu yerə yıxaraq xəsarət yetirmişdir. Hadisədən sonra əməkdaşlar onu DİN-nin Hospitalına aparmışlar. Hadisə yol ayrıcında hərəkət yolunda baş vermiş, iş prosesi olduğundan və avtomobil arxadan gəldiyini görməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxsun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Şəxs izahatı alınmış və o, izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:23 radələrində etibarnamə əsasında idarə etdiyi “Cxangan GS 35 minik” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Ə.Əliyev küçəsi ilə hərəkət edib Neftçilər prospektindəki işıqforda YPX əməkdaşının göstərişi ilə 5-10 dəqiqə dayandıqdan sonra hərəkətə başlamışdır. Sonra o, göstərmişdir ki, Neftçilər Prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində Dəniz vağzalı tərəfə dönərkən avtomobilin sol tərəfində dayanan YPX-nin əməkdaşını görməmiş, avtomobilin ön hissəsi ilə əməkdaşı vurub yerə yıxaraq xəsarət yetirmişdir. Həmçinin o, bildirmişdir ki, hadisədən sonra avtomobili saxlayıb yerə düşmüş və polis əməkdaşları ilə köməkli xəsarət alan YPX-nin əməkdaşını polis maşını ilə xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinin sənədləşməsində iştirak etmiş, avtomobili 20-30 km/saat sürətlə idarə etmiş, təhlükəni 1 metrlikdə hiss etmiş, içkili olmamış və həmin əməkdaşla heç bir ədavəti olmamışdır, ilk dəfə rastlaşırdı. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 1/5393 saylı tibbi müayinə protokolundan görünür ki, X1 vəziyyəti ayıq olmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın 701 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-burunun yumşaq toxumaları, şişkinliyi, qanşırı, boyun əzələlərinin gərilməsi, alın nahiyəsinin sağ nahiyəsinin, sağ əlin ovuc səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin qansırları, sol diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol baldırın orta 1/3-nin ön iç səhtinin və sol diz çuxurunun hematomaları, sol dizin ön səhtinin, sol dirsək oynağı nahiyəsinin arxa səhtinin, sol sayıdin yuxarı 1/3-nin arxa səhtinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü X3 xx.xx.2022-ci il tarixdə saat 08:23 radələrində etibarnamə əsasında idarə etdiyi "Changan GS 35 minik” markalı **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində hərəkət edən zaman Dəniz vağzalı istiqamətində dönmək istəyərkən avtomobilin sol tərəfində olan YPX- nin inspektorunun olduğunu görməmiş qəflətən avtomobilin ön hissəsi ilə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar