Məhkəmə qərarları › İş №3(009)-201/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-201/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-201/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 00100-0022/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC (VÖEN **********) xx xxxxxx 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2249 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Belarusiya Respublikasından Aİ37796/A8807A6 nömrəli nəqliyyat vasitəsi ilə göndərlmiş yükü Azərbaycan Respublikası Gömrük Ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxxxx 2021-ci il tarixdə, saat 06:14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “xxxx” MMC-nin adına xx.xx.2021-ci il tarixində Aİ37796/A8807A6 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olan və **********2249 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan **********01022 qeydiyyat nömrəli yük üçün qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********2249 nömrəli gömrük bəyənnaməsindən görünür ki, “xxxx”MMC-nin (VÖEN **********) ünvanına Belarusiya Respublikasının, Minsh şəhərindən 4101,00 ədəd daxili işlər nazirliyinin əməkdaşları üçün baş geyimləri ölkə ərazisinə daxil olmuşdur. Lakin idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün gömrük bəyannaməsinin 40-cı qrafasında da bu barədə qeydiyyat aparılmamışdır. İş materillarında olan Dövlət Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarə etmə sistminən çıxarışdan görünür ki, “xxxx”MMC-nin (VÖEN **********) ünvanına Aİ37796/A8807A6 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin çatdırılması və boşaldılması həyata keçirilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 485.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar