Məhkəmə qərarları › İş №3(009)-2011/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2011/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2011/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin 06 fevral 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə barədə qərardan X2 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin 06 fevral 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, İ Qarabağ müharibəsinin iştirakçısıdır. İdarə etdiyi Chevrolet Aveo minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı zaman AYNA-nın əməkdaşları ona yaxınlaşıb vəsiqəni maşının ön şüşəsinə qoyub rahat gedə bilməsini əmin etmişdilər. Arxayın olaraq hər hansı ödəniş etməmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, X1 idarə etdiyi “CHEVROLET AVEO MİNİK” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 20:21:39-dan 20:38:39-dək Yusif Məmmədov küçəsindəki 90262 nömrəli parklanma yerində saxlanması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanın 1.11 -ci bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin rəhbərləri, onların müavinləri (bu Siyahıda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla), həmin orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin yerli bölmələrinin rəhbərləri, onların müavinləri baxmağa səlahiyyətli şəxslərdir. X2 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 06 fevral 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar X4 sədr müavini tərəfindən qəbul edilmişdir. Qanunvericilikdə parklanmaya görə ödəniş üsulu yalnız parkomatlarla məhdudlaşdırılmır. Çünki “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin Xİ hissəsinə əsasən, parklanma verləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla). SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Həmin maddənin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq həmin maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. Həmin maddənin XXİ hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün həmin maddənin XVİ hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. Həmin ərazidə parklanmanın ödəniş qaydası barədə məlumat lövhəsi var, orada ödəmənin üsulları aydın izah olunmuşdur. Eyni zamanda parklanma ödənişinin həyata keçirilməsi mobil tətbiqlə də həyata keçirilə bilər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma yerlərində Agentlik tərəfindən istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəqəsinin nömrəsi, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; həmçinin parklanma yerlərindən istifadə qaydalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəqəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir. Belə ki, sürücülərin rahatlığını təmin etmək məqsədilə həm sms, həm mobil tətbiq vasitəsi ilə, həm də ödəmə terminalı vasitəsi ilə (balansin artırılması) ödəniş üsulları mövcuddur. İXM-nin 346-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 bildirmişdir ki, vətəndaş X2 tərəfindən dəfələrlə eyni qaydada xəta törədilir. İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən, yəni parklanma məntəqəsini ödəniş etmədən tərk etməsi və 346-1.2-ci maddəsinə əsasən, yəni parklanma üsulunun pozulması kimi inzibati xətalarla bağlı protokol tərtib olunub. Şəxs bütün şikayətlərində eyni şəkildə bildirir ki, parklanma məntəqəsində digər bir şəxs ona yaxınlaşaraq burada saxlaya biləcəyini deyib. Vətəndaş həmçinin, müharibə iştirakçısı olduğu üçün bildirib ki, hər zaman yaxınlaşır və ona deyirlər ki, narahat olma sən saxlaya bilərsən. Halbuki, AYNA tərəfindən belə bir qayda tətbiq olunmayıb. Qanunla müəyyən olunmuş halda şəxs fiziki qüsurludursa, bu halda vətəndaşlar ona yardım edə bilərlər, çünki hər parklanma məntəqəsində sayı birdən az olmayaraq əlillər üçün nəzərdə tutulmuş parklanma məntəqələri var. İşə əlavə olunmuş materiallarda göstərilir ki, vətəndaş tərəfindən həmçinin, parklanma üsulu da pozulub. Orada aydın şəkildə digər nəqliyyat vasitələrinin necə saxlandığı görünür, lakin şəxs bilərəkdən bunu etmir. Bundan əlavə analoji işlərlə bağlı onu da qeyd edə bilərik ki, Nərimanov rayon Məhkəməsində şəxsin şikayəti təmin ediməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən sonun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin 06 fevral 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 “CHEVROLET AVEO MİNİK” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixində, saat 20:39 radələrində İXM-in 346-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 10 (on) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan''inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1 -ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 81.1-ci maddəsinin şərtlərindən göründüyü kimi, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır; 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Belə olduğu halda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin 06 fevral 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan hazırki icraatda dəyişdirilməsi, ləğv edilməsi və ya xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə –iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin Xİ bəndinə əsasən parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. Xİİİ. Ödənişli parklanma yerlərində parklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişin aparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görə ödənişin edilməsi barədə məlumatın əks olunmasına imkan verən xüsusi texniki vasitələrlə həyata keçirilir. Xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunur. XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin Xİ hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir. XXİ. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır. XXVİ. Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, habelə həmin xidmətlə bağlı ödənişin tələb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin 06 fevral 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin 06 fevral 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar