Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2019/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 15 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlədərək ictimai asayışı pozmuş və onu nizam-intizama dəvət edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X4 tərəfindən 15 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X4 protokolda qeyd edilənləri müdafiə edərək Şəxs barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 15 dekabr 2022-ci il tarixdə axşam təxminən saat 6-ya qalmış evə gedərkən 3 şəxs ona yaxınlaşmış, onlarla bölməyə getməsini təklif etmişlər. Əlindəki sellofanı evə qoyub sonra onlarla gedə biləcəyini bildirmişdir. Həmin şəxslər mülki geyimdə olduqları üçün qorxmuş, DİN 102 xidmətinə zəng vurmaq istəyəndə icazə verməmişlər. Həmin gün 3 saat əvvəl Səbail RPİ 8-ci PB-dən ona yoldan tapdığı çanta ilə bağlı zəng gəlmiş, 6-cı günü PB-nə gəlməsini xahiş etmişlər. Qeyd edilənlərə əsasən barəsində hər hansı tədbir görülməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Səbail RPİ-nin Cinayət axtarışı şöbəsi axtarış üzrə əməliyyat müvəkkili X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində bir nəfər şəxsin Səbail rayonu, Q.Abbasov küçəsində ünvansız nalayiq sözlər işlədərək, ictimai qaydanı pozduğunu gördükdə ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərmişlər. Lakin o polisin qanuni tələblərinə tabe olmamışdır. Polis Bölməsinə gətirildikdən sonra şəxsin Şəxs olması müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Səbail RPİ-nin Cinayət axtarışı şöbəsi CA üzrə kiçik inspektoru X3 bildirmişdir ki, bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu gördükdə ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərmişlər. Lakin həmin şəxs polisin qanuni tələblərinə tabe olmayaraq onu sinəsindən itələyərək qaçmağa cəhd göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid Səbail RPİ 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X5 digər iki şahidin ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, polisin nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə digər insanlara mənfi nümunə olmasını, o cümlədən məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs xx.xx.2022-ci il tarixdən saat 18:00-dan xx.xx.2022-ci il saat 12:20dək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (yüz əlli) manat (yuxarı hədd 200 ¼ çıxıldıqda 150) məbləğində inzibati cərimə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. O dərhal məhkəmə iclasından azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2019/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2019/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver