Məhkəmə qərarları › İş №3(009)-203/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-203/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-203/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə yaşadığı ünvana Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin məktubuna əsasən o, xx xxxxx 2020-ci il tarixdə karantini rejimi tələblərini pozduğuna görə İXM-nin 211-ci maddəsinə əsasən cərimə edildiyi qeyd edilmişdir. Bildirir ki, karantin müddəti ərzində heç bir YPX inspektoru tərəfindən ona hər hansı bir qayda pozuntusu ilə bağlı xəbərdarlıq edilməmişdir. Məktubu aldıqdan sonra Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-də olmuş və orada aydınlaşdırmağa çalışmışlar ki, o, hansı şəraitdə inzibati xəta törətmişdir. Protokol tərtib etmiş şəxs isə SMS icazə müddətinin keçdiyi üçün protokol tərtib edildiyini bildirmişdir. Halbu ki, o, SMS xidmətdən istifadə etməmişdir. Bundan əlavə polis idarəsində ayrı-ayrı vaxtlarda dəfələrlə olmuş, lakin heç bir nəticəsi olmamışdır. Bir müddət sonra ona Səbail icra şöbəsindən zəng gəlmiş orada bilmişdir ki, barəsində tərtib edilmiş protokol üzrə icra vərəqəsi verilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayəti müdafiə edib, barəsində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə lazmı qaydada məlumat verilsə də, polis şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 16:33 radələrində Bakı şəhəri, Gülbala Əliyev küçəsində nəqliyyat vasitəsini idarə edərkən karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 16:33 radələrində Bakı şəhəri Gülbala Əliyev küçəsində nəqliyyat vasitəsini idarə edərkən karantin rejimi qaydalarını pozduğuna görə İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilməlidir ki, TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda Zoya Quliyevanın nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətməsi qeyd edilsə də, lakin həmin qərarda onun hansı avtomobili idarə (avtomobilin markası, dövlət qeydiyyat nömrəsi) edərkən xəta törətməsi qeyd edilməmişdir. Bundan əlavə şikayətdən görünür ki, şikayətçi dəfələrlə Bakı şəhəri Səbail RPİ-nin DYPŞdə olmasını qeyd etsə də, qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Yalnız o, icra məmuru tərəfindən icra şöbəsinə çağırıldıqdan sonra cərimə olunduğu barədə məlumat olmuşdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X1 əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Bu sübutların isə tamamlanması üçün Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi dəvət edilsə də, gəlməmiş və bunun əksi olaraq heç bir dəlil göstərməmişdir. Bu isə özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inziati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin edilməli, Bakı şəhər Səbail RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar