Məhkəmə qərarları › İş №3(009)-2036/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2036/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2036/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə tərtib olunmuş 01 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 31 iyul 2024-cü il tarixdə Səbail rayonu, Xaqani küçəsi 3 ünvanında abidənin qeyri- yaşayış sahəsində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmamış təmir işlərinin aparılması, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulması faktı aşkar edilmişdir. X9” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 saylı qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş ünvan 1 ünvanında yerləşən abidə-binada 1-ci mərtəbədə yerləşən 69.20 kv.m qeyriyaşayış sahəsində Şəxs MMC tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq razılaşdırılma olmadan təmir işləri aparılmışdır. Nəticədə abidələrin qorunması və istifadəsi üzrə tələblər pozulmuşdur. Protokol Şəxs MMC göndərilmişdir. Poçt çatdırılmasını təqdim edirik. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 29 iyul 2024-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı ümumiyyətlə protokol tərtib edilməyəcəyi bildirilmişdir. Lakin sonradan qanunvericilikdə 2 gün nəzərdə tutulsa da, qarşı tərəf baxışdan 3 gün sonra, yəni 01 avqust 2024-cü il tarixində protokol tərtib etmişdir. Həmin protokol Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, barəsində protokol tərtib edilən şəxsə hüquqları izah edilməmiş, imza etdirilməmiş və imza etdirilməkdən imtina edilməsi barədə qeyd yazılmamış və protokolun surəti rəsmi qaydada təqdim edilməmişdir. Odur ki, tərtib edilmiş protokol qanunsuz əldə edilmiş sübutdur. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, o, otelin direktorudur. Təmir işləri ona həvalə edilmişdir. Əməkdaşlar 29 iyul 2024-cü il tarixində baxış keçirərək burada ciddi pozuntunun olmadığını qeyd etdilər, onun yanında heç bir protokol və akt tərtib edilmədi, o heç bir protokola imza atmamışdır, ona protokol verilməmişdir. İki yanyana mənzildir, bu mənzillərin arası alçıpanla kəsilmişdir. Sütunların və divarların dağıdılması halları yoxdur. Ehtiyac olduğu halda yenidən baxış keçirilə bilər. Təmir edilməmişdən öncə hər hansı quruma layihə-smetanın təqdim edilməsi barədə məlumatı yoxdur. Binanın tarix-mədəniyyət abidəsi olmağı barəsində məlumatı olmayıb. Emil bəy və Şamxal bəy yaxınlaşanda bildirdik ki, biz binadan heç bir daş çıxardıb zərər vurmayıblar. Sadəcə anbar kimi istifadə edirlər. Orada başqa bir mənzilin də təmir işləri gedir. Məhkəmə iclasında iştirak edən şahid Emin İbrahimov bildirmişdir ki, bu işlə bağlı bir neçə dəfə əməkdaşlarla birlikdə olmuşlar. Molakan bağının ətrafında Hacıyev Sənan ilə də görüşmüşlər. Onlara bildiriş təqdim etmişlər. Bildiriş təqdim etmələrinə və protokol yazmaqlarına baxmayaraq yenə də təmir işlərini davam etdiriblər. 29 iyul, 30 iyul və 31 iyul tarixlərində yaxınlaşmışlar və ona bildiriblər ki, sizin idarənin əməkdaşlarından yaxınlaşıblar. Əməkdaşların şəkillərini göstərib hansı əməkdaşın yaxınlaşdığını soruşanda cavab ala bilməmişdi. Şifahi formada ümumi 5-6 dəfə yaxınlaşıb xəbərdarlıq ediblər. Daha sonra protokol tərtib etdilər. Onlara binanın tarix-mədəniyyət abidəsi olmağı dəfələrlə çatdırılıb. Protokolu şəxsin etibarnaməsi olmadığı üçün onun iştirakı olmadan tərtib etdilər. Şəxs MMC-dən Tamilla xanımla danışıb ona da protokol barəsində məlumat verdilər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 2369.1 kv/m olan qeyri-yaşayış sahəsi Şəxs MMC tərəfindən icarəyə götürülmüşdür. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli aktdan və 03 sentyabr 2024-cü il tarixli 31 iyul 2024-cü il tarixli akta əlavədən görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ünvan 4 ünvanında yerləşən abidə binada 1-ci mərtəbədə yerləşən 69.20 kv.m qeyri-yaşayış sahəsində Şəxs MMC tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq razılaşdırılma olmadan təmir işləri aparılmışdır. Nəticədə abidələrin qorunması və istifadəsi üzrə tələblər pozulmuşdur. Fakt 31 iyul 2024cü il tarixdə saat 12:00 radələrində aşkar edilərək aktlaşdırılmışdır. Fotoşəkillər əlavə edilmişdir. İş materiallarında olan poçt göndərişlərin siyahısından görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən protokol xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə göndərilmişdir. Poçt izləməsindən görünür ki, SS904130840AZ ştrix kodu ilə zərf Ramilə Orucəliyeva tərəfindən imzalanaraq qəbul edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında ” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə-xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi icraat zamanı prosessual pozuntulara yol verilməsi və bununla əlaqədar iş üzrə icraata xitam verilməsi ilə bağlı izahatına məhkəmə bildirilir ki, vəzifəli şəxs və ya məhkəmə (hakim) tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətaya dair iş üzrə icraat aparılan zaman pozuntulara yol verilməsi müəyyən edildiyi təqdirdə qeyd edilən hal inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs barəsində müəyyən təsir tədbirlərinin görülməsi üçün əsas hesab oluna bilər, lakin təqsirli bilinənin inzibati məsuliyyətini aradan qaldırmır. Hazırki halda Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları, o cümlədən proses iştirakçılarının izahatları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs, Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 76.1, 114-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar