Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2041/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi X3 xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin əməkdaşları kafeyə gələrkən hüquqi şəxsin rəhbərinin iştirakını təmin etmədən protokol tərtib etmişlər. Tərtib edilmiş aktda da, göstərilmişdir ki, güya hüquqi şəxsin rəhbəri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan əlavə törədilmiş inzibati xəta ilə bağlı sübut növü kimi 1 ədəd foto şəkil təqdim edilmiş, həmin şəkilə nəzər salındıqda, obyektin girişində müştərinin əlində tibbi maska vardır və ehtimal olunur ki, müştəri həmin maskanı taxmağa hazırlaşır. Belə olan halda isə inzibati xəta tərkibi yaranmır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Səbail rayonu Z.Əliyeva ev 3 ünvanında yerləşən obyektdə epidemiya əleyhinə rejim sanitariya gigiyena və karantin qaydaları (müştəri tərəfindən fərdi qoruyucu tibbi maskadan istifadə edilməməsi) pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. İş materiallarında olan Şəxs MMC-yə məxsus kafedə çəkilmiş fotoşəkildən görünür ki, şəkildə 4 şəxs var, onlardan 3 nəfər tibbi maskadan istifadə etmiş, 1 nəfər isə əlində tibbi maskanı taxmağa hazırlaşır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, törədilmiş inzibati xəta ilə bağlı təsərrüfat subyektinin rəhbərliyi ilə telefon əlaqəsi yaradıla bilməmiş, etibarnamə üzrə isə heç bir səlahiyyətli nümayəndə olmadığından, inzibati xəta haqqında protokolun imzalatmaq mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, materiala əlavə edilmiş Şəxs MMC-yə məxsus obketdəki fotoşəkilindən görünür ki, əlində maska olan şəxs, qapalı məkanda olsa da, əlindəki tibbi maskanı taxmağa hazırlaşır. Göründüyü kimi təqdim edilmiş fotoşəkli şəxsin tibbi maskadan istifadə etməməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə həmin şəxsin məqsədi Nazirlər Kabinetinin qərarına uyğun olaraq tibbi maskadan istifadə etmək olmuşdur. Bundan əlavə iş materialları ilə müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi baş verdiyi vaxt orada olan işçilərin hər hansı birindən izahat alınmamışdır. Halbu ki, foto şəkildən də, müəyyən edilir ki, obyekt tam işlək vəziyyətdədir və müştərilərə xidmət göstərir. Bundan əlavə tərtib edilmiş Aktda nəzər salındıqda müəyyən edilir ki, sözü gedən aktdakı imzalar yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Halbu ki, protokol tərtib edilən vaxt orada obyektin bir neçə əməkdaşı olmuşdur. Göründüyü kimi təsərrüfat subyektinin hər hansı bir işçisinin qeyd edilən aktda imza etməməsi (iştirakının təmin edilməməsi) bir daha inzibati xəta hadisəsinin baş verməsini və sözü gedən aktı şübhə altına alır. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolunda tibbi maskadan istifadə edilməməsi halları müəyyən edilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 211.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2041/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2041/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver