Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2052/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 288826,99 ABŞ dolları məbləğində olan vəsaiti 02 sentyabr 2021-ci il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 288826,99 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 03 senrtyabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 protokola etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC -nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola görə "xxxx" MMC 86133.56 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 02 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və ödəniş aparıldığı gündən 02 il müddət keçsə də, 288826,99 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bildirir ki, "xxxx" MMC ilə "X4 Limited" şirkəti arasında 07 fevral 2020-ci il tarixli Kanal Tərəfdaşı (diler) Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin "Program və İcazə verilən Ərazi" bəndinə görə "X4 Limited" şirkəti "xxxx" MMC-yə cədvəldə göstərilmiş və Microsofta məxsus müvafiq proqram təminatlarını Azərbaycan Respublikası ərazisində müştərilərə təklif etmək və satışını həyata keçirtmək hüququ vermişdir. Bundan sonra "xxxx" MMC yuxarıda göstərilən Müqavilənin şərtlərinə müvafiq olaraq Microsofta məxsus lisenziyalaşdırılmış proqram təminatının Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməklə "xxxx" QSC ilə 17 may 2021-ci il tarixli 8/2021/AZ saylı X2 və "xxxx" MMC ilə 17 may 2021-ci il tarixli 7/2021/AZ saylı X2 bağlamışdır. Qeyd olunan Müqavilələr əsasında "xxxx" QSC-yə və "xxxx" MMC-yə satılan Microsoft proqram təminatı məhsulların və xidmətlər üzrə lisenziyaların tam təsviri Müqavilələrin 1 saylı Əlavələrində (Qiymət Siyahısı, Göstəriləcək Xidmətlər və Ödəniş Üsulu) öz əksini tapmışdır. "X4 Limited" şirkəti tərəfindən Microsoft proqram təminatı məhsulların və xidmətlər üzrə lisenziyaların "xxxx" QSC-yə və "xxxx" MMCyə göstərilməsini həmin şirkətlərin "xxxx" MMC ilə imzalanmış xx.xx.2021-ci il tarixli Təhvil- Təslim Aktları və elektron qaimələr ilə təsdiq edilir. Eyni zamanda bildiririk ki, protokolda göstərilmiş məbləğin xaricə köçürülməsinə əsas olan sənədlər "X4 Limited" şirkəti tərəfindən buraxılmış və "xxxx" MMC-yə təqdim edilmiş ********** saylı və ********** saylı invoyslardı. "X4 Limited" şirkətinin ********** saylı invoysda Microsoft proqram təminatı məhsulların və xidmətlər üzrə lisenziyaların tam təsviri, proqram təminatların müvafiq kodları, çatıdırılma yeri və müştəri qrafasında "xxxx" MMC göstərilmişdir. X4 Limited" şirketinin ********** saylı invoysda Microsoft proqram təminatı məhsulların və xidmətlər üzrə lisenziyaların tam təsviri, proqram təminatların müvafiq kodları, çatıdırılma yeri və müştəri qrafasında "xxxx" QSC göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmasına görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödəniş təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödəniş edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Beləliklə, "xxxx" MMC tərəfindən "X4 Limited” şirkətinin ünvanına aparılmış ödəniş müqabilində müvafiq işlərin və xidmətlərin (lisenziyaların) göstərilməsi əlavə olunmuş sənədlərlə tam təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə nümayəndənin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən 288826,99 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etməklə xaricə köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2021-ci il tarixli 288826,99 ABŞ dolları məbləğində avans ödəniş üzrə xidmətlər təşkil edilmiş və tamamlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 288826,99 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 02 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 288826,99 ABŞ dolları dəyərində xidmətlər 02 sentyabr 2021-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə xidmətlər göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində xidmətlər göstərildiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2052/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2052/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver