Məhkəmə qərarları › İş №3(009)-2052/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2052/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2052/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X4 nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X7 xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 275.2 maddəsinə əsasən inzibati qaydada vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə tədbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qanunsuz olduğu üçün həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən şikayətçi X7 şikayətini müdafiə edərək bildirdi ki, qərarda göstərilən ********** nömrəli VÖEN ona aid deyil və Vergilər Nazirliyinin sistemində bu VÖEN-in kimə məxsus olduğu göstərilməyib. Həmin VÖEN-ə əsasən o fərdi sahibkar kimi təqdim etməyə cəhd edilmişdir ki, bu da hüquqi baxımdan yanlışdır və qərarın əsassız tərtib edildiyini göstərir. Qərarda qeyd olunan Dənizkənarı Milli Parkın Ərazisində yerləşən “Pasifico" restoranında yoxlama aparılmamışdan öncə Ədliyyə Nazirliyinin reyestrindən çıxarış təqdim edilməmişdir. "Pasifico" restoranı ona yox,"X10" MMС-yə məxsusdur. Vergilər Nazirliyinin təqdim etdiyi arayışda obyektin hüquqi şəxsə aid olduğu açıq şəkildə göstərilir. Pasifico restoranında menecer kimi işləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən 28 iyul 2025-ci il tarixində qəbul edilmiş MN ******* nömrəli qərarda onu vəzifəli şəxs kimi göstərməklə onu cərimə etmişlər. Onun “fərdi sahibkar” kimi təqdim edilməyi hüquqi baxımdan əsassızdır. Bundan əlavə, obyektə heç bir rəsmi əlavə yoxlama aparılmadan, sadəcə telefon zəngi ilə idarəyə çağırılmışdır. Obyektin ona deyil, hüquqi şəxsə - “X10” MMC-yə məxsus olması Cəriməyə əsas olan “Pasifico” restoranı onun mülkiyyətində deyil, “X10” MMC-nin balansındadır. “X10” MMC-nin dövlət reyestrindən çıxarışda qanuni nümayəndənin onun olmadığı bir daha sübuta yetirilmişdir. Nazirlik hüquqi şəxs olan "X10" MMC-ni cərimə etməsinə baxmayaraq, onu da fərdi sahibkar kimi cərimələyib. Halbuki o həmin müəssisədə sadəcə işçi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxsin rəhbəri olmayan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Fiziki şəxs kimi X4 cərimə olunması əsassızdır. Vergilər Nazirliyinin internet portalında obyektin hüquqi şəxsə aid olduğu açıq şəkildə göstərilir. X1 restoranda işçi kimi işləmişdir. Şikayətin təmin olunaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, qərarda qeyd olunan VÖEN “X10” MMC-yə məxsusdur, X7 “X10” MMC-nin məsul şəxs, qanuni təmsilçisi kimi özünü təqdim etdiyinə görə cərimə onun adına yazılmış, X4 “X10” MMC-nin vəzifəli şəxs olmasını təsdiq edən hər hansı bir sənəd olmamış və tərəfimizdən bununla bağlı araşdırma aparılmamış, X7 tərəfindən əməkdaşlara bildirilmişdir ki, məsul şəxs özüdür və araşdırmada da iştirak etmiş, onun “X10” MMC-yə məxsus “Pasifico” restoranını hər hansı rəsmi əmrin və ya sənədin əsasında deyil, öz izahına görə işlətməsi müəyyən edilmiş, buna görə də X7 vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmuşdur. X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, X4 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarında qeyd edilir ki, Səbail rayonu, Neftçilər prospekti 34 ünvanında yerləşən Dənizkənarı Milli park, “Pasifico Lounge-Dining” iaşə obyektinin fəaliyyəti zamanı yayılan səs-küy səviyyəsi yol verilən hədd daxilindən yüksək olmuş və buna görə də X7 (VÖEN:**********) Azərbaycan Respublikası İXMnin 275.2 maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsi tərəfindən verilmiş çıxarışdan “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN nömrəsi ********** olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X3 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Məhkəmə araşdırması zamanı şikayətçinin izahatından və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 sədrlik edənin suallarına verdiyi cavabdan və şikayət verilən qərardan müəyyən edilir ki, X7 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2 maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmiş, lakin sözügedən inzibati tənbeh vermə haqqında qərarda X4 hansı inzibati məsuliyyətin subyekti kimi cərimələnməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 275.2 maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında suallara cavab verərkən bildirmişdir ki, X4 vəzifəli şəxs kimi cərimələnməsi barədə qərar inzibati araşdırma zamanı əldə olunmuş məlumatlara əsaslanmışdır. Belə ki, onun “X10” MMC-yə məxsus “Pasifico” restoranını hər hansı rəsmi əmrin və ya sənədin əsasında deyil, öz izahına görə işlətməsi müəyyən edilmişdir. Buna görə də X7 vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, inzibati xətaya görə məsuliyyət yalnız həmin xətanı törətmiş fiziki, hüquqi və ya vəzifəli şəxslərin üzərinə qoyula bilər. Məcəllənin bu müddəası şəxsin inzibati məsuliyyət daşıması üçün onun hüquqi statusunun düzgün müəyyən edilməsinin vacibliyini bir daha təsdiq edir. İnzibati xəta haqqında iş materiallarından və məhkəmə araşdırması zamanı toplanmış sübutlardan görünür ki, X4 “X10” MMC-yə məxsus “Pasifico” restoranında menecer kimi fəaliyyət göstərməsi onun həmin obyektin faktiki işçisi olduğunu təsdiq edir. Bununla belə, inzibati xətanın subyektinin “vəzifəli şəxs” hesab olunması üçün müvafiq hüquqi tələblər mövcuddur. Belə ki, vəzifəli şəxs — daimi, müvəqqəti və ya xüsusi səlahiyyət əsasında idarəetmə, təsərrüfat, təşkilati və inzibati funksiyaları həyata keçirən şəxs hesab olunur. İdarəetmə və ya təşkilati səlahiyyətlərin mövcudluğu isə əmək müqaviləsi, əmr, təsis sənədləri və ya müvafiq etibarnamə ilə təsdiqlənməlidir. Məhkəmə araşdırması zamanı qərarı qəbul etmiş orqan tərəfindən belə bir sənəd təqdim edilməmiş və belə bir sənədin mövcud olmadığı bildirilmiş, X4 nə MMC-nin direktoru, nə təsisçisi, nə də rəsmi nümayəndəsi olduğu müəyyən edilməmişdir. Bundan başqa onun “X10” MMC-yə məxsus “Pasifico” restoranında menecer kimi faktiki fəaliyyəti isə yalnız inzibatihüquqi mənada “hüquqi şəxsin işçisi” statusunu formalaşdırır və bu, Məcəllənin 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışına uyğun gəlmir. Buna görə də, İXM-in 17-ci və 18-ci maddələrinin tələblərinə əsasən, X4 vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərar qəbul edilərkən aparılan inzibati araşdırma zamanı yuxarıda göstərilən qaydalara uyğun araşdırma aparılmamışdır. Belə ki, yuxarıda sadalananlardan da göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində qərar qəbul edilən şəxsin vəzifəli şəxs kimi təqsirini təsdiq edən sübutlar tam toplanılmadan qərar qəbul edilmişdir. Beləliklə də həmin hadisənin baş verməsində şikayət verən şəxsin vəzifəli şəxs kimi təqsiri sübuta yetirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində qərar qəbul edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki iş üzrə aparılan araşdırma zamanı X4 vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilməi ilə bağlı ziddiyyətlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Qərarda onun hüquqi statusu göstərilmədən heç bir əsaslandırma aparılmadan, şəxsin təqsirliliyini təsdiq edən sübutlara istinad edilmədən onun törədilmiş əməldə təqsirli sayılması qanunvericiliyin mahiyyətinə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar