Məhkəmə qərarları › İş №3(009)-2057/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2057/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2057/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 26 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-52/2021 saylı icra sənədini borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Naftalan Şəhər Məhkəməsinin 2(052)-52/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Naftalan şəhər icra və probasiya şöbəsindən borclunun Səbail rayonu ərazisində yaşaması əsası ilə ərazi aidiyyəti üzrə göndərilmiş və şöbədə icraata qəbul edilmişdir. “Elektron İcra” informasiya sistemindən alınan məlumata əsasən borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar olunmamışdır. Borcun ödənilməsi ilə bağlı borclu Şəxs şöbəyə dəvət olunmuş, lakin o bu çağırışlara məhəl qoymamışdır. xx.xx.2022-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail RPİnə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun izahatı alınmış izahatında belə bir aliment qərarı haqqında məlumatı olduğunu, işləmədiyi üçün alimenti ödəyə bilmədiyini, hazıradək 760 manat aliment borcu ödədiyini və qalıq 5480 manat aliment borcunun qaldığını bildirmişdir. Qalıq borcu tam şəkildə deyil, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Borclu Şəxs tərəfindən ARİXM-nin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən borclu Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, aliment ödənişləri ödəməkdən imtina etmir, maddi vəziyyəti ilə bağlı ödənişləri bir neçə dəfə az ödəmişdir. Maddi çətinliklə bağlı ödənişləri edə bilməmişdir. Məhkəmə qərarının icrasından boyun qaçırmır.Hazırda 500 manat ödəməyə hazlrdlr. Göstərdiklərini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-52/2021 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməsi xahiş edilmişdir. İş materallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən borclu tərəfindən tələbkarın hesabına xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-52/2021 saylı icra sənədinə əsasən Şəxs Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 04 iyul 2016-cü il təvəllüdlü X5 və 05 noyabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-52/2021 saylı icra sənədinə əsasən yaranmış 4980 manat borc, borclu tərəfindən mütəmadi olaraq aliment borcunu ödəməkdən yayınması nəticəsində yaranmamışdır. Borclu tərəfindən maddi durumunun pis olması səbəbindən bir neçə ay az ödəniş etməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar