Məhkəmə qərarları › İş №3(009)-2061/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2061/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2061/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs QSC-nin nümayəndəsi X3 oğlunun iştirakları ilə Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 Oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QAPALİ SƏHMDAR CƏMİYYƏTİ 14400.00 ABŞ dolları məbləğində vəsaiti 20 Sentyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14400.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 21 Sentyabr 2021-ci il tarixdə huquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X3 oğlu protokola etiraz edərək, bildirdi ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Respublikasının “Texpert” şirkəti arasında XA-1421 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən, göstərilmiş xidmətlər 31 may 2020 - ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilmişdir. Qeyd olunan xüsusat, inzibati xətanın törədilməsini istisna edir, belə ki, təsdiq olunmuş akta əsasən müəyyən olunur ki, icraçı şirkət tərəfindən xidmət göstərilmişdir, ona görə də inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 21sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsaslanaraq 17.09.2019-cu il, 19.09.2019-cu il və 20.09.2019-cu il tarixində Kapital Bank ASC tərəfindən Respublikadan kənara mal üçün qabaqcadan ödəniş etmiş və köçürmələrin 2 il müddəti tamam olmasına baxmayaraq gömrük bəyannaməsini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədlər Mərkəzi Banka təqdim edilir. İş materiallarına əlavə edilmiş Şəxs QSC ilə “Texpert” şirkəti arasında təsdiq edilmiş Təhviltəslim aktından görünür ki, Şəxs QSC tərəfindən köçürülmüş 14400.00 ABŞ dolları məbləğində vəsait hesabına 24 ədəd “Activation Fee” və “Standart Plan 10 minutes per/months each vessel, total 120 minutes per/year each vessel” Airtime servisi XA-1421 nömrəli müqavilədə qeyd edildiyi kimi təmin edilmiş və məbləği təhvil alınmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 270 (iki yüz yetmiş) gün ərzində müvafiq banka təqdim edilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən 20 Sentyabr 2019-cu il tarixdə xaricə köçürülmüş 14400.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal edilməsi təqdim edilmiş təhvil-təslim aktı ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar