Məhkəmə qərarları › İş №3(009)-2065/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2065/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2065/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon icra Şöbəsinin icra məmuru Aslan Astanovun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə İsmayıllı rayonu, Tircan kəndində anadan olan, İsmayıllı rayonu, Tircan kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 2(009)-1898/2022 saylı, 31 may 2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx xxxx 1993-cü il tarixdə İsmayıllı rayonu, Tircan kəndində anadan olan, İsmayıllı rayonu, Tircan kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1898/2022 saylı, 31 may 2023-cü il tarixli icra sənədi üzrə Şəxs 38000 manat tutularaq X2 ödənilməlidir. İcra sənədi 02 iyun 2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mustafayev Rahim tərəfindən icraata başlanılmış 13 sentyabr 2023-cü il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar əsasında İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Səbai Rayon İcra Şöbəsinə göndərilmiş, 20 sentyabr 2023-cü il tarixdə Səbail rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra icra tədbirlərinə başlanılmışdır. Həmçinin borclu Şəxs tələbin yönəldilə biləcəyi əmlak və pul vasitələrinin olmadığı aşkar edilmişdir. Borclu Şəxs 28 sentyabr 2023-cü il tarixli izahatında evi ona satan şəxsi məhkəməyə verdiyini, aldığı pulu isə tələbkara ödəyəcəyini bildirmişdir. Nəticədə, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aslan Astanov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 borcun tam məbləğdə ödənilməsini tələb etdiyini bildirdi və Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında evi ona satan şəxsi məhkəməyə verdiyini, aldığı pulu isə tələbkara ödəyəcəyini bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə məhkəmə iş materiallarını araşdırıraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun tələbkara vurulmuş ziyanı ödəyəcəyinə söz verməsini və əvvəllər məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq 1000 (min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar