Məhkəmə qərarları › İş №3(009)-2069/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2069/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2069/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qızıldaş qəsəbəsi, yat 61 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, uzun müddətdir avtomobil idarə etsədə, lakin sürücülük hüququna malik deyil.16.03.2021-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus “FORD FOCUS” minik markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Ziya Yusifzadə küçəsi ilə Sara Qədimova küçəsinə doğru hərəkət etmişdir. Hərəkət etdiyi istiqamətdə Ziya Yusifzadə küçəsinə daxil olmaq qadağan olmasına baxmayaraq o qadağanedici işarəyə fikir vermədiyi üçün Ziya Yusifzadə küçəsinə daxil olmuşdur. Ziya Yusifzadə küçəsi ilə Sara Qədimova küçəsinə doğru hərəkət edən zaman gözlənilmədən sol istiqamətdən, yəni Sara Qədimova küçəsindən Ziya Yusifzadə küçəsinə daxil olan avtomobilə yol vermədiyi üçün Sara Qədimova küçəsi ilə hərəkət edən BMW markalı avtomobil ilə toqquşmağı nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra avtomobildən düşüb məsələyə aydınlıq gətirməyə başlamışlar.Bir cədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmağa caşlamışlar.Həmçinin Şəxs bildirmişdir ki, o, həmin zaman avtomobili 50 s/km sürəti ilə idarə etmişdir, spirti içki qəbul etməmişdi.Sara Qədimova küçəsi ilə hərəkət edərək Ziya Yusifzadə küçəsinə daxil olan BMW markalı avtomobil ilə toqquşma məsafəsini təxminən 1 metr məsafədə hiss etmişdir, buna görə tormuz əyləcini basmağa texniki imkanı oimamışdır. Avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi mövcuddur, sürücülük hüququna malik deyil və həmçinin sığortası yoxdur. Hadisə zamanı avtomobildə tək olmuş və avtomobili özü idarə etmişdir.Avtomobildə ondan başqa neç bir kəs olmamışdır. Hazırda zərərçəkmiş şəxslər barışmış, ona dəyən ziynı tam ödəmiş və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 28 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 16 mart 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Ziya Yusifzadə küçəsi ilə Sara Qədimova küçəsinə doğru hərəkət edən zaman hərəkət edən BMW markalı avtomobil ilə toqquşmağı nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan X1 ərizəsindən müəyyən olunur ki, ona dəymiş zərər ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizanın 131 saylı 19.03.2021-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ diz oynağı nahiyəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16.03.2021-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 16.03.2021-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus "FORD FOCUS” minik markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Ziya Yusifzadə küçəsi ilə Sara Qədimova küçəsinin kəsişməsinə doğru hərəkət edərək, ehtiyatsızlıq edib Ziya Yusifzadə küçəsinə “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq həmin kəsişməyə daxil olmuş, bu zaman sol istiqamətdən, yəni Sara Qədimova küçəsindən Ziya Yusifzadə küçəsinə daxil olan sürücü X1 idarə etdiyi, ona məxsus "BMW 228 Xİ” minik markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində BMW markalı avtomobilin sərnişin olan X3 dərəcəsi təyin edilməyən bədən xəsarəti almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 332.4-cü madəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşman olmasını, hadisənin ehtiyyatsızlıqdan baş verməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsində nəzərdə tutulmuş inzibati xətalanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar