Məhkəmə qərarları › İş №3(009)-2072/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2072/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2072/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail Rayonu 9-cu PB-nin sahə inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə Səbail RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü ildə polis bölməsinə gətirilərkən üzərində narkotik vasitə olan heroin aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayonu 9-cu PB-nin sahə inspektoru polis kapitanı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, hal-hazırda işləmir, sümük xərçəngi xəstəliyindən əziyyət çəkir, 2020-ci ildən səhhəti ilə əlaqədar yaranmış problemlərə görə müalicələr alır. Həmin vaxtdan sonra narkotik vasitə qəbul edərək ağrılarını sakitləşdirməyə çalışır. Hətta buna görə bir neçə dəfə məhkum olunmuşdur. Təxminən 3 ildir ki, narkotik vasitə istifadəçisidir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Səbail rayonu Bayıl qəsəbəsində yaşayan üzdən tanıdığı lakin, adını bilmədiyi şəxsdən 10 manat müqabilində “kokos” kimi tanıdığı narkotik vasitə olan heroin almışdır. Həmin şəxs narkotik vasitəni Səbail rayonu, Flarmoniya bağının yanında ağacın dibinə qoymuşdu və o, oradan həmin vasitəni götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 13:10-da Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən ana evindən çıxıb həmin küçədə olan “Aloe+” aptekə gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onu polis bölməsinə dəvət etdilər. Polis şöbəsində ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olundu. Buna görə də o, üzərindəki şalvarın cibindən 01 ədəd narıncı rəngli, üzərində “X4” yazıları olan plastik qabın içərisində olan 02 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “kokos” olduğunu demişdir. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 sentyabr 2023-cü il cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaşlar Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qərarın surəti aidiyyəti əməkdaşa həvalə olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman Şəxs qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd narıncı rəngli, üzərində “X5” yazıları olan plastik qabı çıxardıb, içərisində olan 02 ədəd şəffav sellofana bükülü halda, tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin “kokos” kimi tanıdığı heroin narkotik vasitə olduğunu və 10 manat pul müqabilində 24 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Səbail rayonu Flarmoniya bağının yaxınlığında üzdən tanıdığı lakin, adını bilmədiyi şəxsdən aldığını, həmin şəxsin ağac dibinə narkotik vasitəni qoyduğunu və özünün oradan götdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 1 ədəd plastik qabıda olan 2 ədəd selefona bükülmüş tozşəkilli, spesifik iyə malik olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 166 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 76/5097 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət Şəxs üzərindən aşkar edilən maddi sübut, "yazılar və imzalar olan zərfdə 2 (iki) ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,015 və 0,018 qram olmaqla ümumi çəkisi 0,033 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert rəyinin Qeyd hissəsindən görünür ki, heroinin ümumi çəkisi 0,033 qram olmuş, 0,01 qram tədqiqata sərf edilmiş, 0,023 qram qalıq qalmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən qurudulmuş marixuana 5 qram və yuxarı həddə olduğu halda əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs sağlamlıq vəziyyətini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalan 0,023 qram narkotik vasitə heroin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31,40, 43, 48-51, 114-117 və 128-130, 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalan 0,023 qram narkotik vasitə heroin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar