Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2073/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, X1 inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİM: X2 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsində qeyd etmişdir ki, 12 aprel 2025-ci il tarixində yazılmış EQ27279321 nömrəli protokoldan şikayət etdiyini, 3 dəfə məhkəmə iclasının keçirildiyini, BDYPİ və Səbail rayon Yol Polis İdarəsi heç biri iştirak etməmiş, hakim Şəhla Süleymanova qərarı ləğv edib və təkrar araşdırılması üçün BDYPİ-ə göndərmişdir. xx.xx.2025-ci il tarixində yenidən qərar qəbul edilmişdir.Həmin günü xx.xx.2025-ci il tarixdə evində olmuş, onlar isə Bibiheybət yolu 5 ünvanında təhlükəsiz kəmərindən istifadə etmədiyi üçün onu cərimələmişlər, Protokolda video görüntü yoxdur və maşının şəkili tam çəkilməyib, heç bir yol xətti yol qırağı görünmür.Qərara etiraz edərək təkrar protokola xitam verilməsini xahiş edir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 şikayətində barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməsini bildirmiş və həmin qərar Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilərək qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilmişdir. X2 şikayətində bildirdiyi üzrə inzibati xəta haqqında işə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-də yenidən baxılmış və müvafiq qərar qəbul edilmişdir. Şikayətə əlavə edilən sənədlərdən müəyyən edilmişdir ki, iş üzrə mübahisə edilən yeni qərar şikayətə əlavə edilməmişdir. İndiki halda mübahisə edilən qərarın iş materiallarında mövcud olmaması qanunvericiliklə müəyyən edilən halların (məhkəmə aidiyyəti, şikayət müddəti, və.s) araşdırılmasına çətinlik yaradır. Məhkəmə qeyd edir ki, X2 barəsində qəbul edilmiş qərarı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində isə mövcud inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd olumuşdur ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Qeyd olunan Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Yuxarıda qeyd olunan Qərarları nəzərə alan məhkəmə hesab edir ki, hazırda şikayətin qaytarılması ilə bağlı məsələ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinin tələbi nəzərə alınmaqla həll edilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, şikayət verən şəxsə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra barəsində qəbul edilən qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən məhkəməyə müraciət edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2073/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2073/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver