Məhkəmə qərarları › İş №3(009)-208/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-208/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-208/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-00294/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) ünvanına 33BSE52/33AEG366 nömrəli nəqliyyat vasitəsi ilə dail olmuş yüklərin **********7974 və **********8038 sorğu nömrəli 09 yanvar 2023-cü il tarixli Gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/001226 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 33BSE52/33AEG366 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 33BSE52/33AEG366 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs ünvanına göndərilən mallar 05 yanvar 2023-cü il tarixdə Qərb Ərazisi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqında protokoldan görünür ki, Şəxs ünvanına 33BSE52/33AEG366 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. **********2369 sorğu nömrəli qısa idxal bəyannaməsi 06 yanvar 2023-cü il tarixdə saat 10:11-də mallar gömrük ərazisinə gətirildikdən sonra verilmişdir. Nəticədə, Şəxs Məhdud Məsiliyyətli Cəmiyyəti tətəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsindəqısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs (VÖEN **********) tərəfindən Şəxs MMC-nin ünvanına 33BSE52/33AEG366 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilmədiyinə görə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi var və onun 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq olunması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar