Məhkəmə qərarları › İş №3(009)-2097/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2097/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2097/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1997-ci ildə Saatlı rayonu, Bəylər kəndində anadan olmuş, AR-nın vətəndaşı, Cəbaryıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Mehdiyeva (Xankişiyeva) Alidə Muhalif qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən Cəbrayıl Rayon Məhkəmsinin 2(072)-008/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx.xx.1997-ci ildə Saatlı rayonu, Bəylər kəndində anadan olmuş Mehdiyeva (Xankişiyeva) Alidə Muhalif qızı barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-008/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X3 hər həftənin şənbə günü saat 12:00- dan bazar günü saat 12:00-a dək, “Yeni il”, “Novruz”, “Ramazan” və “Qurban” bayramı günlərində 1 (bir) gün-saat 12:00-dan növbəti gün saat 12:00-a dək (gecə vaxtı da daxil olmaqla), sərbəst şəkildə, cavabdeh (ana) X2 iştirakı olmadan yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, “VTB” bağlar yaşayış sahəsində yerləşən evdə, eləcə də hər gün 1 (bir) saat ərzində video-əlaqə yaradılmaqla, rəsmi nikahlarından 26 yanvar 2016-cı ildə anadan olmuş X5 və 23 noyabr 2017-ci ildə anadan olmuş X6 ilə görüş vaxtı müəyyən edilməli və icranın mərhələli şəkildə həyata keçirilməsi məqsədilə iddiaçı X3 2 (iki) ay ərzində hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-a dək sərbəst şəkildə, cavabdeh (ana) X2 iştirakı olmadan yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, VTB bağlar yaşayış sahəsində yerləşən evdə, parkda, uşaq əyləncə mərkəzlərində və digər istirahət məkanlarında rəsmi nikahlarından 26 yanvar 2016-cı ildə anadan olmuş X5 və 23 noyabr 2017-ci ildə anadan olmuş X6 ilə görüş vaxtı müəyyən edilmişdir.İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir.İcra sənədi xx.xx.2023-cü il tarixli qərarla aidiyyəti üzrə Səbail Rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra borclu şöbəyə dəvət edilmiş qərarın tələb və mahiyyəti ona izah edilmiş və icra edilmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdar edilmişdir.X1 müxtəlif tarixli ərizələrlə müraciət edərək borclunun müxtəlif bəhanələrə uşaqla ünsiyyət barədə qərarın icrasına maneçilik törətdiyini bildirmişdir. X12 xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək uşaqların sağlamlıqlarına görə ataları ilə ünsiyyətdə olmaqlarına imkan vermədiyini bildirmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli ərizəsində uşaqların travma aldıqlarını əsas gətirərək onların ünsiyyətdə olmaqlarına şərait yaradılmadığını bildirmişdir. Bundan sonra borcluya xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu təqdim edilmiş, qərarın icrası tələb edilmişdir. Lakin tələbkarın şifahi məlumatına əsasən uşaqlarla ünsiyyət hüququna maneə yaradıldığı bildirilmişdir. Borclu isə xx.xx.2023-cü il tarixli izahatında uşaqlarla ünsiyyət hüququna mane olmadığını lakin uşaqların ataları ilə gecə qalmağına razı olmadığını bildirmişdir.Bununla da borclu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru X10 izahatında göstərmişdir ki, icra sənədi icraatına daxil olduqdan sonra, müvafiq qərar qəbul etmiş, borclu şöbəyə dəvət edilərək izahatı alınmış, dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq borclu uşaqların atası ilə görüşməsinə mane olmadığını, lakin icra sənədində göstərilən qaydada deyil, gecə qalmamaq şərtilə 1 gün görüş verə biləcəyini demiş, tələbkar bununla razılaşmamış, görüşün icra sənədində göstərtilən qaydada təmin edilməsini tələb etmiş, borcluya qanunun tələbi izah olunmuş, sonra isə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mehdiyeva (Xankişiyeva) Alidə Muhalif qızı məhkəmə iclasında bildirmişdir ki, o, özünü AR İXM-nin 528-ci maddəsi ilə təqsirli bilmir. O, uşaqların atası ilə görüşməsinə etiraz etmir, lakin uşaqların ögey ana yanında qalmasını istəmir, bu səbəbdən gecə qalmamaq şərtilə tələbkar səhərdən axşama qədər uşaqları ilə görüşə bilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs – icra sənədi üzrə X1 göstərmişdir ki, borclu məhkəmə qətnaməsində müəyyən edilən qaydada uşaqları ilə görüşməsinə icazə vermir, o, yalnız icra sənədində göstərilən qaydada uşaqları ilə ünsiyyətdə olmaq istəyir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Mehdiyeva (Xankişiyeva) Alidə Muhalif qızı məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, icra sənədində uşaqları ilə atanın şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək görüş vaxtının müəyyən edilməsi göstərilsə də, borclu görüşün bu qaydada həyata keçirilməsinə mane olur, atanın uşaqları ilə görüşünə etiraz etmədiyini bildirsə də, bu ünsiyyətin icra sənədində göstərilən qaydada deyil, özünün müəyyən etdiyi qaydada həyata keçirilməsini istəyir. Bu hal isə icra sənədinin icrasına törədilən maneə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Mehdiyeva (Xankişiyeva) Alidə Muhalif qızı hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Mehdiyeva (Xankişiyeva) Alidə Muhalif qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar