Məhkəmə qərarları › İş №3(009)-2097/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2097/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2097/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil, iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Cəbrayıl rayonu, Sarıcallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 18 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Ə.Yaqubov küçəsi, 8-ci PB-nin qarşısında X1 təhqir etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, X4 şikayəti üzrə bölməyə çağırılan Şəxs xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Ə.Yaqubov küçəsi, 8-ci PB-nin qarşısında ictimai qaydanı pozmuş və nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 onun barəsində şikayəti ilə əlaqədar bölməyə dəvət edilmiş, lakin rayonda olduğu üçün həmin tarixdə gələ bilməmiş, xx.xx.2025-ci il tarixində Bakı şəhərinə çatan kimi saat 18:10-da bölməyə gedib. Bölmədə polis əməkdaşı X6 zəng etmiş, telefonun səsini açmış və sonuncuya onunla danışmasını bildirmişdir. X8 onun orada olduğunu eşidib təhqir etməyə başlamışdır. Xanımı bölmədə görməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 Şəxs barəsində şikayəti ilə əlaqədar aralarında mübahisə yaranmasına dair heç bir sübut təqdim edilməyib, ümumiyyətlə inzibati xəta hadisəsi mövcud deyil, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 göstərmişdir ki, Şəxs onun gəlini ilə yaxın münasibətdə oluş və bununla da onun oğlunun aiiləsini dağıtmıdır. Onun gəlini və oğlunu hədələmiş, təhqir etmişdir. O, Eyvazdan polis şöbəsinə şikayət etmiş, xx.xx.2025-ci il tarixində şöbəyə çağırılmışdır. Həmin gün axşam saat 7 ya 8-də bölməyə gedib, bölmənin qarşısında aralarında mübahisə yaranıb, o Eyvazı, Eyvaz da onu söyub təhqir edib. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili X10 izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə X4 şikayət ərizəsi ilə əlaqədar Şəxs bölməyə dəvət olunmuş, lakin o, rayonda olduğu üçün həmin tarixdə gələ bilməmiş, xx.xx.2025-ci il tarixində təxminən nahardan sonrakı saatlarda bölməyə yaxınlaşdı. Bölmənin qarşısında səs eşitdi, gəlib gördü ki, Şəxs X8 ilə mübahisə edirlər, Şəxs səs-küy salıb, X5 təhqir edirdi. Bununla bağlı bölmədə onun barəsində protokol tərtib edilib. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən həmin maddə ilə məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə X4 şikayət ərizəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Şəxs bölməyə dəvət olunmuş, bölmənin qarşısında onlar söhbət edərkən Eyvaz Sabirənin ünvanına nalayiq söyüşlər söyüb təhqir etmiş, eyni zamanda onun şərəf və ləyaqətini alçaltmağa cəhd göstərmişdir. xx.xx.2025-ci il tarixli AZA 026373 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 18 avqust 2025-ci il tarixdə, saat 16:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Ə.Yaqubov küçəsi, 8-ci PB-nin qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə, həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən inzibati qaydada tutulduğunu və İXM-nin 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır. Qeyd edilənləri əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində 75 (yetmiş beş) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 75 (yetmiş beş) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar