Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-21/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 Dekabr 2021 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 43635.00 ABŞ dolları məbləğində vəsaiti 79 Oktyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 39488.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin nümayəndəsi X2 protokola etiraz edərək, bidirdi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən, inzibati xəta barədə protokol AMEA-nın İşlər İdarəsinin məlumatı və nümayəndəsinin iştirakı olmadan tərtib olunduğundan, qanunun tələblərinin, yəni İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin yerinə yetirilməsi üçün geri qaytarılması barədə qərardad qəbul olunmalıdır.Belə ki, protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinin tələbinə əsasən, inzibati xəta ilə bağlı hüquqi şəxsin nümayəndəsinin izahatları alınmamışdır. Protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Hüquqi şəxsin nümayəndəsinin inzibati xəta ilə bağlı mühüm əhəmiyyət kəsb edən izahatlarının alınması və protokolda qeydlər aparmaq hüququndan istifadə etməsi təmin olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə məhkəmə bildirişindən əvvəl inzibati xəta haqqında protokolun surəti verilməmişdir və bununla da, AMEA-nın İşlər İdarəsinin mühüm müdafiə hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqındakı Protokol (07 dekabr 2021-ci il tarixli 0437280) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır. Ona görə də inzibati xəta haqqında materialın geri qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3.-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati araşdırımanın aparılmasının yeri və vaxtı barədə məlumatlandırılmasına dair bildiriş göndərilməmiş, bununla bağlı iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin yerinə yetirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilrəkən qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, protokol və toplanmış material tamamlanması və qanunvericiliyin tələblərinə riayət edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 07 Dekabr 2021 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-21/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-21/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver