Məhkəmə qərarları › İş №3(009)-2121/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2121/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2121/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əliyev Ülvi Bağır oğlunun katibliyi, şikayətçi Abdalova Günel Əlitahir qızının iştirakı ilə, Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarından Abdalova Günel Əlitahir qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Abdalova Günel Əlitahir qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə özünü təqdim etməyən DYPİ Yol patrul xidmətinin inspektoru tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya əsasən həmin tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Hadisə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərində etibarnamə əsasında idarə etdiyi HYUNDAİ İX-35 MİNİK markalı, "99AN839" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən DYPİ Yol patrul xidmətinin əməkdaşı onun idarə etdiyi nəqliyyat vasitəsini dayandırmağını tələb etdi. Müvafiq göstəriş tərəfindən uyğun bir şəkildə icra olunaraq nəqliyyat vasitəsi yolun sağ kənarında saxlanıldı. Yol patrul xidmətinin əməkdaşı nəqliyyat vasitəsinə yaxınlaşaraq özünü təqdim etmədən birbaşa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğunu və bu səbəbdən saxlanıldığını bildirdi. Yol patrul xidməti inspektorunu dinlədikdən sonra tərəfindən ona etiraz bildirilmiş və nəqliyyat vasitəsinin idarə olunması zamanı heç bir yol hərəkəti qaydalarının tələblərinin pozuntusuna yol verilmədiyi bildirilmişdir. Belə ki, yol patrul xidmətinin inspektoru ilkin olaraq hərəkəti qadağan edən qırmızı işiğının tələblərinə riayət etmədiyini və nəqliyyat vasitəsinin hərəkətini davam etdirdiyini bildirmişdir. Lakin hərəkətin yaşıl rəngli işığının sarı rəngli işığına keçid etmə müddətinə 3 saniyə qalmış hərəkəti davam etdirdiyinə dair etiraz bildirildikdə, inspektor tərəfindən bu dəfə qırmızı rəngli deyil sarı rəngli işıqda keçdiyi iddia olundu. Müvafiq görüntünün təqdim olunması tələb olunduqda inspektor görüntünün göndəriləcəyini bildirdi. İnspektora bir birini təqzib edən fərziyələr irəli sürməklə eyni anda fərqli iddialar irəli sürdüyünə və fərqli işiq rənglərinə istinad etdiyinə dair irad bildirdiyində, "fərqi nədir hər ikisi qadağanedici işiq rəngləridir" deyə cavab verildi. Tərəfindən inspektora "Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin İVcü hissəsi əsas gətirilərək fərq izah olunduqda (svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir) yol patrul xidmətinin inspektoru irəli sürdüyü pozuntuya müvafiq sübutları təqdim etmək əvəzinə mübahisə etməyə üstünlük vermişdir. Halbuki, Yol patrul xidməti haqqında Təlimatın 13.3-cı maddəsinə əsasən "vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılı itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir". Son olaraq yol patrul xidməti inspektoruna təkrar etiraz bildirərək tərtib ediləcək protokolun video görüntüsünü elektron kabinetə yerləşdirməsini və tərəfindən müvafiq şikayət ediləcəyini bildirilmişdir. Müvafiq protokulun kabinetə yerləşdirmə tarixi xx.xx.2024-cü il olmasına baxmaya əlavə edilmiş sənədlər (Foto/video) xanasında müvafiq görüntülərin mövcud olmadığı müəyyən edilmişdir (müvafiq çıxarışlar əlavə edilir). Xüsusi texniki vasitələrin göstəriciləri, istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müvafiq: dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növ yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar protokolda göstərilməmişdir. Tərəfindən nəqliyyat vasitəsinin hərəkəti zamanı heç bir pozuntuya yol verilməmişdir. Yol patrul xidmətinin inspektoru tərəfindən irəli sürülən pozuntulara dair heç bir foto, video görüntünün təqdim edilməməsi və eyni zamanda elektron kabinetə yerləşdirilməməsi tərtib olunmuş protokolun və cərimənin əsassızlığını daha sübut edir. Bu nöqsanlarla inzibati məsuliyyətə əsassız və qanunsuz olaraq cərimə edildiyini hesab edirəm. Bu isə barəsin inzibati protokolun və nəticədə qərarın əsassız olaraq tərtib edildiyinə əsas verir. Göstərilmiş dəlillərə əsasən hesab edir ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* saylı protokol əsassızdır və ləğv olunmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2160/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Abdalova Günel Əlitahir qızının vəsatəti əsasında şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Abdalova Günel Əlitahir qızı şikayətində qeyd edilənlərə uyğun izahat verərək Sumqayıt ŞPİ-nin DYPŞ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Abdalova Günel Əlitahir qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3 bal 90 (100 manatın 10 manatı endirim) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla qiymətləndirilir. İnzibati xəta haqqında protokol və qərarda şəxsin xx.xx.2024-cü il tarixdə həqiqətən də svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə Abdalova Günel Əlitahir qızı tərəfindən inzibati xətanın törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X1 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsindənəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abdalova Günel Əlitahir qızının barəsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar