Məhkəmə qərarları › İş №3(009)-2124/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2124/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2124/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs iştirakları ilə, 10 avqust 1991-ci il tarixdə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Neftçala rayonu, Beşdəli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 3(009)-2124/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 3(103)-2683/2021 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair 29 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs 25.10.2021-ci il tarixdə, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 22-də yaşayan Zərərçəkmiş şəxs məxsus su motorunu oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs qarşı heç bir şikayəti yoxdur. Ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Qeyd olunanların nəzərə alınmasını icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin baş təhqiqatçısı İldırım Salahov tərəfindən qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli qərarla fakt üzrə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Materiala əlavə edilmiş 29 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.10.2021-ci il tarixdə, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 22-də yaşayan Zərərçəkmiş şəxs məxsus su motorunu oğurlamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar