Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2124/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1992-ci ildə Şəmkir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail rayon Məhkəməsinin e-2-2(115)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə tələbi icra etməyən borclu xx.xx.1992-ci ildə Şəmkir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru İlham Əliyev tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru İ.Əliyev izahatında göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin icra vərəqəsi icra şöbəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixdən icraata başlamaq haqqında qərar qəbul etmiş, tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs qeydiyyat ünvanına göndərilmiş, lakin borclu icra şöbəsinə gəlmədiyi üçün onun axtarışı barədə qərar qəbul edilmişdir. Borclu icra şöbəsinə xx.xx.2025-ci il tarixdə gətirilmiş və izahatı alınmış, müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 528-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qeydiyyatda olan ünvan üzrə deyil, Şəmkir şəhərində yaşayır bu səbəbdən icra məmurunun bildirişini almamışdır və icra işinin mövcudluğu ilə bağlı məlumatı olmamışdır. Lakin borcu etiraf edir və ödənişlər də edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(115)-54/2025 saylı icra vərəqəsinə əsasən Şəxs “Azəriqaz” İB-nin xeyrinə 395006,68 manat borc və 685,01 manat dövlət rüsumu tutulmalıdır. Səbail rayon İcra şöbəsinin icra məmuru İlham Əliyevin xx.xx.2025-ci il tarixli qərarı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(115)-54/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə inzibati xəta törədən şəxsin özünün AR İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilməməsini özünü müdfaiə xarakteri daşımaqla məsuliyyətdən yayınma kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-2124/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2124/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver