Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2125/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, şikayət vermiş şəxs X2, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin 07 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 Bakı şəhər, DYPİ tərəfindən tərtib edilən 07 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 06 oktyabr 2021-ci il tarixdə idarə etdiyi "Toyota Carolla" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərifə Əliyeva küçəsi ilə hərəkət etdikdə sol zolaqla düz istiqamətdə hərəkət etmişdir. Lakin bu yol ayrıcında hərəkət düzgün təşkil olunmamışdır. 5.8.1 və ya 5.8.2 nişanı olmalıdır ki, sürücü zolaqların istiqamətini əvvəlcədən bilsin. Onun barəsində tərtib edilən 07 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati qərarın ləğv edilib işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək, bildirdi ki, yollarda 5.8.1-5.8.2 nişanlarının ciddi çatışmazılığı var. Yolayrıcına yaxınlaşanda sürücü son anda hara və hansı istiqamətdə gedəcəyini bilmir. DYP adətən YHQ 69-cu maddəni əsas gətirir: 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki. yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir; Adətən, sürücüyə: "sən nişanı öncədən görməliydin" deyərək cəriməni tətbiq edirlər. Amma yol nişanlarının quraşdırlma standardı var və bu nişanlar məhz bu standardla quraşdırıla bilərlər. Bundan kənara çıxmaq olmaz. Yol nişanlarının quraşdırılması ГOCT 23457-86 və "Yol nişanlarının quraşdırılmasının texniki reqlamenti" ilə nizamlanır. Yəni, yalnız YHQ yetərli deyil. İlk olaraq, 5.8.1 və 5.8.2 nişanları yolayrıcında elə quraşdırılmalıdır ki, sürücü öncədən nişanı görsün və vaxtında 1.1 xətti başlamadan zolağı dəyişə bilsin. Əgər sürücüyə bu nişanı görmək çətinliyi yaranırsa, bu nişanlar yolayrıcına qədər də, təkrarlanmalıdır. Əgər yollarda yalnız sağa və sola dönmə müəyyən edilibsə, o zaman məcbur edici və ya əmredici nişan quraşdırlmalı deyil. Buraya 5.8.1 və 5.8.2 nişanı quraşdırılmalıdır. Standarda uyğun olaraq isə, 1.18 nişanlanması intensiv hərəkət zamanı yolayrıcına çatmamış 20-30 metr qalmış iki və ya üç dəfə təkrarlanmalıdır. Qanun deyir ki, 1.18 nişanlanması 5.8.1 və 5.8.2 "Zolaqlar üzrə hərəkət" nişanını təkrarlayır. Yəni, bu cür yolayrıclarında xəttləmə 5.8.1 və 5.8.2 nişanı ilə təkrarlanmalıdır. Standarddan kənar quraşdırılmamış nişana görə, sürücü məsuliyyət daşımır. Qeyd olunanaları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİnin 07 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Yol Hərəkəti haqqında qanunun 69-cu madddəsinin 18-ci bəndinə əsasən 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Göründüyü kimi qanun 1.18 nişanlanmasının imperativ qaydada 5.8.1 və 5.8.2 nişanlaması ilə birlikdə tətbiq edilməyini deyil, onların müstəqil və yaxud birlikdə tətbiqini nəzərdə tutur. X4 barəsində qəbul edilmiş 07 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə vurğulayır ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin 07 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin 07 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2125/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2125/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver