Məhkəmə qərarları › İş №3(009)-2128/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2128/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2128/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin TP ******* saylı, 09 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan Hamid Eldeleklioğlunun şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin TP ******* saylı, 09 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə Hamid Eldeleklioğlunun şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan “Audi A6 minik” markalı, 99PG258 dövlət qeydiyyat nişanlı avtomobillə 26 may 2024-cü il tarixdə Səbail rayonu ərazisində Niyazi küçəsi ilə Azneft dairəsinə doğru hərəkət edirdi, Azneft dairəsindən Neftçilər prospekti ilə üzü Port Baku tərəfə hərəkət etmək niyyətində idi. Azneft dairəsinə yaxınlaşanda dairəvi hərəkət nişanı olduğuna görə avtomobilini dayandıraraq soldan, yəni Neftçilər prospektindən üzü Bayıl istiqamətində hərəkət edənlərə yol verdi, solunda onunla eyni istiqamətdə hərəkət etməkdə olan “X3” markalı avtomobil də var idi, hər ikisi sol tərəfdən gələn yolun boşalmağını gözləyirdi ki, həmin istiqamətdən gələn avtomobillərin hərəkətinə maneə yaratmasınlar. Belə ki, sol tərəfdən hərəkətinə maneə yarada biləcəkləri avtomobil olmadığına görə ilk olaraq “X3” markalı avtomobil, ardınca da o hərəkətə başladı. Lakin dairəni qurtarıb üzü Port Baku istiqamətində hərəkət etmək istəyərkən YPX əməkdaşı ona saxla əmri verdi və o, da dərhal avtomobili saxladı. YPX əməkdaşı bildirdi ki, dairəvi hərəkət təşkil olunmuş yerdə o hərəkət üstünlüyü olan avtomobillərə yol verməmişdir və bununla qaydanı pozmuşdur. Bütün bunlara baxmayaraq YPX əməkdaşı barəsində 26 may 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib etdi və həmin protokol əsasında da 05 iyun 2024-cü il tarixdə TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edildi. O həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət etdi və məhkəmə video görüntüyə baxaraq onun qayda pozmadığını müəyyən etdi. Məhkəmə şikayətini qismən təmin edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5nin 05 iyun 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinə göndərilməsini qərara aldı. Sözügedən qərarın əsaslandırma hissəsində göstərilmişdir ki, "Məhkəmə iclasında hadisə yerinin video görüntüsünə baxış keçirildi və müəyyən olundu ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs istifadəsində olan “Audi A6 minik" markalı, 99PG258 dövlət qeydiyyat nişanlı avtomobillə Azneft dairəsinə yaxınlaşanda dairəvi hərəkət nişanı olduğuna görə avtomobili dayandıraraq soldan, yəni Neftçilər prospektindən üzü Bayıl istiqamətində hərəkət edənlərə yol verdi, solunda onunla eyni istiqamətdə hərəkət etməkdə olan "X3" markalı avtomobil də var idi, hər iki avtomobil sol tərəfdən gələn yolun boşalmağını gözləyirdilər ki, həmin istiqamətdən gələn avtomobillərin hərəkətinə maneə yaratmasınlar. Sol tərəfdən hərəkətinə maneə yarada biləcək avtomobil olmadığına görə ilk olaraq “X3” markalı avtomobil, ardınca da o, hərəkətə başladı. Göstərilənləri və iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi və hadisənin videogörüntüsü belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Bu səbəbdən iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Amma Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsi heç bir araşdırma aparmadan, onu dəvət edib izahatını almadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilməsinə dair 11 iyul 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar qəbul etmişdir. Polis mayoru Himmət Paşazadə öz kabinetindən kənara belə çıxmadan, heç bir prosessual hərəkət etmədən əvvəlki qərarının mətnini olduğu kimi saxlayaraq sadəcə onun tarixi və nömrəsini dəyişmişdir. Halbuki, məhkəmə qərarında yenidən araşdırma aparılmasının və onun xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməsinin zəruriliyi vurğulanmışdır. Amma TP seriyalı ******* nömrəli qərarda məhkəmə tərəfindən ləğv edilən qərarda göstəriləndən fərqli bir sübut növü öz əksini tapmamışdır. Başqa sözlə desək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsi əvvəlki qərarın qəbul edilməsinə əsas olan sübutlar əsasında yeni qərar qəbul etmişdir. Halbuki, məhkəmə həmin sübutları onun sözügedən inzibati xətanı törətməkdə təqsiri olduğunu müəyyən etmək üçün yetərli hesab etməmişdir. O, 11 iyul 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan da Səbail Rayon Məhkəməsinə şikayət etdi. Bu səfər də Məhkəmə video görüntüyə və digər sənədlərə baxaraq şikayətimi haqlı hesab etmiş və Məhkəmənin 01 avqust 2024-cü il tarixli, 3(009)-1672/2024 nömrəli qərarı ilə şikayəti qismən təmin olunaraq Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin TP seriyalı ******* nömrəli, 11 iyul 2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilib qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə göndərilməsi qərara alınmışdır. Lakin çox təəssüf ki, eyni mənzərə yenə qarşısına çıxmışdır. İnzibati xəta haqqında işə bu səfər polis mayoru X1 "baxmışdır", lakin o da polis mayoru Himmət Paşazadənin dəsti xəttini davam etdirərək Məhkəmənin qərarını bir kənara qovaraq, orada göstərilən xüsusatları araşdırmadan, yenə onu dəvət edib izahatını almadan, heç video görüntüyə belə baxmadan avtomatik rejimdə əvvəlki qərarın sadəcə nömrə və tarixini dəyişməklə 80 manat məbləğində cərimə ödənişini sistemə daxil etmişdir. Lakin o nəzərə almamışdır ki, əgər həqiqətən ortada pozuntu mövcud olsa idi, onunla birlikdə dairəyə daxil olan “X3” markalı avtomobil də saxlanılmalı idi, amma həmin avtomobil saxlanılmamışdı. O, hərəkətə başlayan zaman dairədə sol tərəfdən gələn heç bir nəqliyyat vasitəsinə hər hansı maneçilik törətməmişdir. O, YPX əməkdaşının dediklərinə etiraz edərək kamera görüntüsünün təqdim edilməsini tələb etdi, lakin o bundan imtina etdi və israrla heç bir sübut təqdim etmədən onun qaydanı pozduğunu bildirdi və dərhal protokol tərtib etməyə başladı. Amma maraqlıdır ki, 26 may 2024-cü il tarixli, İXP ******* saylı protokolda onun tərəfindən törədildiyi güman edilən xətanın mahiyyəti, yəni nədən ibarət olması öz əksini tapmamışdır. Bir sözlə məhkəmə 2 dəfə inzibati tənbehvermə haqqında qərarı ləğv edib işə yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinə göndərməsinə baxmayaraq yenidən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq, barəsində tərtib edilmiş 09 sentyabr 2024-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin səlahiyyətli nümayəndəsi və barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs Hamid Eldeleklioğlu məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 hadisənin videogörüntüsünü əlavə edtməklə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, haqqında icraat aparılan Hamid Eldeleklioğlunun şikayətini əsassız hesab etdiyini bildirmişdir. İşdə olan videogörüntüdən müəyyən edilir ki, o, YHQ-nun 42-ci maddəsinin XV bəndinin tələblərinə əməl etməmişdir. Yəni dairədə olan avtomobilin keçid üstünlüyü olduğu halda ona yol verməmiş, hərəkətini davam etmişdir. Nəticədə, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcıkeçid üstünlüyü olan avtomobil yol nəqliyyat hadisəsinin baş verməməsi üçün məcburi qaydada surətini azaltmışdır. YHQ-nun 42-ci maddəsinin XV bəndinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. İşdə olan videogörüntüyə baxış keçirməklə və yuxarıda qeyd edilənlər nəzərə alınmaqla şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından görünür ki, Bakı Şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Hamid Eldeleklioğlu inzibati xəta törətməsi səbəbindən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə iclasında inzibati orqan tərəfindən təqdim olunmuş hadisə yerinin video görüntüsünə baxış keçirildi və müəyyən olundu ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs istifadəsində olan “Audi A6 minik" markalı, 99PG258 dövlət qeydiyyat nişanlı avtomobillə Azneft dairəsinə yaxınlaşanda dairəvi hərəkət nişanı olduğuna görə avtomobili dayandıraraq soldan, yəni Neftçilər prospektindən üzü Bayıl istiqamətində hərəkət edənlərə yol verdi, solunda onunla eyni istiqamətdə hərəkət etməkdə olan "X3" markalı avtomobil də var idi, hər iki avtomobil sol tərəfdən gələn yolun boşalmağını gözləyirdilər ki, həmin istiqamətdən gələn avtomobillərin hərəkətinə maneə yaratmasınlar. Sol tərəfdən hərəkətinə maneə yarada biləcək avtomobil olmadığına görə ilk olaraq “X3” markalı avtomobil, ardınca da o, hərəkətə başladı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Hamid Eldeleklioğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə yerinin görüntülərinə onun iştirakı ilə baxılaraq müvafiq hüquqi qiymət verilməmişdir. Belə olan şəxsin şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı Şəhəri X5 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan Hamid Eldeleklioğlunun inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Hamid Eldeleklioğlunun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin TP ******* saylı, 09 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hamid Eldeleklioğlunun şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin TP ******* saylı, 09 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar