Məhkəmə qərarları › İş №3(009)-2132/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2132/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2132/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X10 İdarəsinin 15 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan X6 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X6 məhkəməyə müraciət edərək Bakı şəhər X10 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və həmin protokola əsasən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh barədə qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin polis mayoru X2 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 327.4-cü maddəsi ilə 150 manat məbləğində cərimə və 4 bal növündə inzibati tənbeh olunmuşdur. Sözügedən qərarı 11 sentyabr 2024-cü il tarixdə qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır qəbul edildiyindən razı deyil. 04 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, S.Ələkbərova küçəsində hərəkətdə olarkən heç bir əsas olmadan ona İXP ******* saylı inzibati xəta haqqında protokol təıtib edilmişdir. Heç bir inzibati xəta pozuntusuııa yol verməmişdir. Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı onu saxlamadan inzibati xəta haqqında əsassız və qanunsuz protokol tərtib edilmişdir. Protokol tərtib olunandan sonra polis əməkdaşı ona dəfələrlə zəg etmiş və ona protokolun qeyri prosessual formada həll edilməsini bildirmişdir. Lakin o həmin əməkdaşa heç bir inzibati xəta pozuntusuna yol vermədiyiii bildirirərək tərtib etdiyi protokolun qanunsuz və əsassız olduğunu bildirmişdir. Bundan 133 gün sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin onun bundan heç bir məlumatı olmamışdır. İnzibati tənbeh vermə haqqında qərarı yaxınlaşıb rəsmi şəkildə Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsindən götürən zaman yol polisinin əməkdaşı bildirmişdir ki, guya ona inzibati xəta haqqında protokol ona görə tətbiq olunmuşdur ki, elekton vasitələrlə, yəni video görüntü vasitəsilə onun inzibati xəta törətdiyi aşkar edilmişdir. O isə əməkdaşa bildirdi ki, tərtib etdiyi protokol və qərar müvafiq qanunvericiliyə ziddir. Yəni polis əməkdaşı saxlayıb bilavasitə yerində barəsində inzibati xəta haqqında protokol tərtib etməmişdir. Əgər polis əməkdaşı onun barəsində onun iştirakı ilə inzibati xəta haqqında protokol tərtib etsəydi, onu əyani şəkildə saxlayacağı üçün bundan onun məlumatı olacaq idi. Bu səbəbdən də hesab edir ki, barəsində tərtib edilmiş protokol video görüntü vasitəsilə aşkar edilmişdir. Ancaq qeyd edir ki, əgər o inzibati xəta etsə belə və bu xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra nakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı idi. Bu səbəbdən də tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Həmçinin qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyul 2024 cü il tarixli, 3(009)-1606/2024 saylı qərarına əsasən həmin qərar ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilmişdir. Həmin idarənin polis mayoru X4 tərəfindən heç bir araşdırma aparılmadan barəsində yenidən 4 bal və 150 Azn məbləğində inzibati cərimə növündə inzabati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, ilkin məhkəmə araşdırması zamanı, səlahiyyətli orqan tərəfindən inzibati cərimə növündə inzibati tənbeh olunduğu işlə bağlı birinci instansiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə də bu əsasla, yəni işin faktiki halları üzrə tam və hərtərəfli araşdırma aparılmadığı üçün barəsində müvafiq səlahiyətli orqan tərəfindən qəbul edilmiş qərar ləğv olunmuşdur. Əfsuslar olsun ki, səlahiyətli orqan məhkəmənin qeyd etdiyi nüansların heç birini nəzərə almadan yenidən oxşar qərar qəbul etmişdir. Bu isə özündə birbaşa inzibati Xətalar Qanunvericiliyinin pozulmasını ehtiva edir. Yəni səlahiyyətli orqan heç bir obyektiv araşdırmanı həyata keçirməmişdir. Nəinki obyektiv araşdırma etməmiş, ümumiyyətlə heç bir araşdırma etməmişdir. Sadəcə olaraq inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi dəyişdirilmişdir. Yəni səlahiyyətli orqanın qanunvericiliklə ehtiva olunan obyektiv araşdırması inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi dəyişdirilməsindən ibarət olmuşdur. Bu səbəbdəndə hesab edir ki, tərtib olunmuş inzabati tənbeh vermə haqqında qərar tam şəkildə qanunsuz və absurddur. Ona görə də inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhər X10 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və həmin protokola əsasən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh barədə qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət edilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 “Toyota Prius” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixində, saat 07:53-də İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhər BPİ DYPİ-nin rəisi polis polkovniki cənab Rəşid Piriyevə Bakı şəhər BPİ DYPİ-nin YPXA inspektoru, polis baş serjantı Orxan Əhmədovun raport ilə məruzə edərək bildirir ki, 04 aprel 2024-cü il tarixdə saat 07:53 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsində piyada xidmət apararkən müəyyən etdi ki, “Toyota Prius” minik markalı, **-SL- *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı hərəkət zolağına çıxaraq hərəkət etmişdir. Onun saxlanılması tərəfindən mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq yol hərəkəti qaydasını pozmuş nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verməyi xahiş etmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə qərardaddan görünür ki, Orxan Əhmədov tərəfindən aşkar edilmiş inzibati xətalarla bağlı kifayət qədər vaxt tələb edən prosessual hərəkətlərin aparılması zərurəti yarandığından inzibati araşdırma aparılması, Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü müəyyən olunaraq barəsində törətdiyi xətaya uyğun inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan''inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 122.1 -ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-in 81.1 -ci maddəsinin şərtlərindən göründüyü kimi, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır; 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 icraat zamanı prosessual pozuntulara yol verilməsi və bununla əlaqədar iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayətinə məhkəmə bildirilir ki, vəzifəli şəxs və ya məhkəmə (hakim) tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətaya dair iş üzrə icraat aparılan zaman pozuntulara yol verilməsi müəyyən edildiyi təqdirdə qeyd edilən hal inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs barəsində müəyyən təsir tədbirlərinin görülməsi üçün əsas hesab oluna bilər, lakin təqsirli bilinən şəxsin inzibati məsuliyyətini aradan qaldırmır. Hazırki halda X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Belə olduğu halda, Bakı şəhər X10 İdarəsinin 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan hazırki icraatda dəyişdirilməsi, ləğv edilməsi və ya xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikasının İXM-in 327.4-cü maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməməli, Bakı şəhər X10 İdarəsinin 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar) dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər X10 İdarəsinin 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh barədə qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar