Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2133/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, “Asan Ödəniş” kabinetindəki məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə sürət həddinin aşılması səbəbilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 328.2- c maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə (o cümlədən 2 cərimə balı) olunmuşdur. Kabinetində yerləşdirilmiş foto və video materiallarla tanış olduqdan sonra barəsində çıxarılan qərarı ədalətsiz hesab etdiyindən ləğv edilməsini xahiş edir. Kabinetə sübut qismində 1 video çəkiliş və 3 foto şəkil yerləşdirilmişdir. Video çəkilişi izlədikdə **-FH-*** dövlət nömrə nişanlı avtomobilimi həmin videoçəkilişdə görmək, belə bir avtomobilin həmin videoçəkilişdə həqiqətən də olduğunu müəyyənləşdirmək ümumiyyətlə mümkün deyildir. Foto şəkillərə baxdıqda da ilk 2 foto şəkildə eyni qaydada ona məxsus avtomobilin foto şəkildə olduğunu müəyyənləşdirmək heç bir halda mümkün olmur. İlk 2 foto şəkildə inzibati xəta hadisəsi olduğu ehtimal olunan inzibati xətanın törədilmə vaxtı, yeri, pozulmuş sürət həddinə cair məlumatlar öz əksini tapmış olsa da, kabinetə sübut qismində əlavə olunan 3-cü foto şəkilə inzibati xəta hadisəsi olduğu ehtimal olunan inzibati xətanın törədilmə vaxtı, yeri, pozulmuş sürət həddinə dair heç bir məlumat əlavə olunmamışdır. 3-cü foto şəkil sanki hansısa müşahidə kamerası vasitəsilə hansısa istiqamətdə, hansısa tarixdə çəkilib kabinetə sırf dövlət nömrə nişanının görünməsi məqsədilə yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında elektron qərar çıxarılarkən təkzibolunmaz sübutlara stinad edilməli olsa da, belə qeyri-müəyyən şəraitdə çəkilmiş 3-cü foto şəklə əsasən məsuliyyətə cəlb olunmağım əsassızdır və qanunla qorunan hüquqlarımı kobud şəkildə pozur. İXM-nin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1,346,346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq –səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 8-ci maddəsi ilə müəyyən edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və i n z i b a t i məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunan mövqe bundan ibarətdi ki, inzibati xətanı törətməsi ehtimal olunan şəxsin ilk növbədə təkzibolunmaz sübutlar əsasında təqsiri müəyyən olunmalıdır. Göründüyü kimi, kabinetə yerləşdirilmiş video və fotoşəkillər əsasında təqsirli olduğu sübuta yetirilməsi mümkün deyildir. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Odur ki, şikayətə əlavə olunmuş vəsatətin nəzərə alınaraq, işə yaşayış yerim üzrə Səbail Rayon Məhkəməsində baxılmasını xahiş edir. Qeyd olunanların nəzərə alınmasını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən barəsində çıxarılmış xx.xx.2023- tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək həmçinin bildirmişdir ki, barəsində xx.xx.2023-cü il tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə elektron qərar qəbul edilmişdir. Belə ki, kabinetə sübut qismində 1 video çəkiliş və 3 foto şəkil yerləşdirilmişdir. Onun avtomobilinin həmin vaxtda qeyd edilən yerdə olması qeyri-mümkündür. Videoçəkilişi izlədikdə **-FH-*** dövlət nömrə nişanlı avtomobilin həmin videoçəkilişdə həqiqətən də olduğunu müəyyənləşdirmək ümumiyyətlə mümkün deyildir. 1-ci və 2-ci fotoşəkillərdəki avtmobilin məhz onun avtomobili olmasını müəyyən etmək mümkün deyildir. 3-cü fotoşəkildə isə inzibati xəta hadisəsi olduğu ehtimal olunan inzibati xətanın törədilmə vaxtı, yeri, pozulmuş sürət həddinə dair heç bir məlumat əlavə olunmamışdır. Bu materiallarla onun təqsirliliyi sübuta yeirilə bilməz. 3-cü fotoşəkil sanki hansısa müşahidə kamerası vasitəsilə hansısa istiqamətdə, hansısa tarixdə çəkilib kabinetinə sırf dövlət nömrə nişanının görünməsi məqsədilə yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında elektron qərar çıxarılarkən təkzibolunmaz sübutlara stinad edilməli olsa da, belə qeyri-müəyyən şəraitdə çəkilmiş 3-cü foto şəklə əsasən məsuliyyətə cəlb olunmağı əsassızdır və onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında hadisənin videogörüntülərini əks etdirən diskə baxılarkən müəyyən edilmişdir ki, **-FH-*** dövlət nömrə nişanlı avtomobilin həmin videoçəkilişdə həqiqətən də olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2023-cü il tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “X5 minik” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolu ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş (sürət həddinin aşılmasına görə) və o, 2 cərimə balı tətbiq olunmaqla 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “X5 minik” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax- Gürcüstan yolu ünvanında hərəkətdə olarkən sürət həddinin aşılmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17209478 inzibati xəta haqqında protokol əsasında inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X3 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X2 məxsus **-FH-*** dövlət nömrə nişanlı avtomobilin həmin videoçəkilişdə həqiqətən də olduğunu müəyyənləşdirmək mümkün olmadığından belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən olda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, EQ 17209478 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2133/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2133/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver