Məhkəmə qərarları › İş №3(009)-2136/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2136/2021

01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2136/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə SahQSC qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 28 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC 1050000.00 Rusiya rublu məbləğində olan vəsaiti 25 sentyabr 2019-cu il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 1050000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xarici xaricdən geri qaytarılmamışdır. Xəta 26.09.2021-ci il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti (ASCO) ilə Rusiya Federasiyasının 'Sitex'' şirkəti arasında 05 aprel 2019-cu il tarixdə tarixdə XG- 0531/50419-01 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə görə icraçı, sifarişçinin tapşırığına əsasən. "ZİĞ Gəmi Təmiri Zavodu ’nun modernizasiyası və texniki resturukturizasiyası layihəsinin texiki texnoloji sənədlərinin işlənib hazırlanmasını öhdəsinə götürmüşdür. 04 noyabr 2019 - cu il tarixdə "xxxx" şirkəti tərəfindən ASCO-ya məktub ünvanlanmış və qeyd olunmuşdur ki, ASCO tərəfindən 1.050.000 rubl məbləğində avans ödənilmişdir,həmçinin şirkətlər arasında qarşılıqlı razılaşmaya əsasən, işlərin görülməsi qeyri-müəyyən vaxta təxirə salınmışdır.Bununla belə, işlərin görülməsini müqavilədə göstərilən müddətlər ərzində başa çatmasına zəmanət verilmişdir. 19 yanvar 2021 - ci il tarixdə "xxxx" şirkəti tərəfindən ASCO-ya yenidən rəsmi qaydada müraciət olunmuş və qeyd olunmuşdur ki, məlum olduğu kimi 2020 - ci ildən davam edən COVİD - 19 pandemiyası səbəbindən, şirkətimizin mütəxəssisləri lazımi prosedurların həyata keçirilməsi məqsədilə Bakı şəhərinə gəlmək imkanlarından məhrum olmuşlar,bu səbəbdəndə fors-major vəziyyətini nəzərə alaraq. 05.04.2019 - cu il tarixli , N° 50419-01/XG-0531 saylı müqavilə üzrə işlər hal-hazıra kimi yerinə yetirilməyib. Həmçinin məktubda koronovirus infeksiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra,işlərin görülməsinə tam olaraq zəmanət verilir.23 mart 2021 - ci il tarixdə "xxxx" şirkətindən ASCO-ya məktubla müraciət olunmuş və qeyd olunmuşdur ki, COVİD-19 infeksiyasının sürətlə yayılmasını nəzərə alaraq və dövlətlərarası sərhədlərin bağlı olması səbəbindən, 05.04.2019 - cu il tarixli , N° 50419-01/XG-0531 saylı müqavilənin icrasını pandemiyanın bitməsinə kimi və mövcud məhdud məhdudiyyətlərin aradan qalxmasına kimi təxirə salınması xahiş edilmişdir. 24 fevral 2020 - ci il tarixli NT-02/02-37/1 saylı məktubla ASCO tərəfindən "xxxx" şirkətinə müraciət olunmuş, qarşılıqlı razılaşmaya əsasən işlərin görülməsi qeyri- müəyyən vaxta təxirə salınmışdır. Həmçinin qarşı tərəfə əməkdaşlarının hansı tarixdə Bakı şəhərinə gələ biləcəkləri ilə bağlı məsələ qaldırılmışdır.07 sentyabr 2021 - ci il tarixdə NT02/02-137/1 saylı məktubla "xxxx" şirkətinə müraciət olunmuşdur. Məktubda tərəflər arasında bağlanmış N° 50419-01/XG-0531 saylı 05 aprel 2019 - cu il tarixli müqavilə üzrə işlərin COVİD-19 pandemiyası səbəbindən,həmçinin ASCO-da işlərə görə istehsalat zərurəti artıq aradan qalxdığı ilə əlaqədar, tərəfimizdən ödənilmiş avans məbləğinin 1.050.000 (bir milyon əlli min) rubl, geri qaytarılması bildirilmişdir. Tərəflər arasında bağlanmış N° 50419-01/ XG-0531 saylı 05 aprel 2019 - cu il tarixli müqavilə üzrə işlərin görülməsi COVİD-19 pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınmış,icraçı "xxxx" şirkətinin əməkdaşları ölkələr arası sərhədlərin bağlı olması səbəbindən, layihə üzrə işlərin görülməsi üçün sifarişçinin ünvanına gələ bilməmişlər. Qeyd etmək istərdik ki, sifarişçinin bu halda cərimə olunması qanunaziddir,belə ki, bütün dünyada sürətlə yayılan COVİD-19 infeksiyası səbəbindən, yəni qarşısıalınmaz hadisə nəticəsində fors-major hadisəsi baş vermiş və bununlada ASCO-nun təqsiri istisna edilməlidir. Belə ki, COVİD- 19 pandemiyası fors-major hal hesab edilir və bu halın baş verməsi nə icraçının,nə də ki sifarişçinin iradəsindən asılı deyil. Qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Belə ki, iş materiallarında olan 25 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs QSC-nin hesabından 1050000.00 Rusiya rublu məbləğində ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Şəxs QSC-nin nümayəndəsi X2 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, 1050000.00 Rusiya rublu 29.11.2021-ci il tarixdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs QSC 1050000.00 Rusiya rublu məbləğində olan vəsaiti 25 sentyabr 2019-cu il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra isə, 1050000.00 Rusiya rublu məbləğində vəsait 29.11.2021-ci il tarixdə geri qaytarılmışdır. Bununla da, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin nümayəndəsinin istinad etdiyi halları əsaslı hesab etmir və iznibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasların olmadığı bildirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1050000.00 Rusiya rublu valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, 210000.00 (iki yüz on min) Rusiya rublu, yəni 4830.00 (dörd min səkkiz yüz otuz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar