Məhkəmə qərarları › İş №3(009)-2137/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2137/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2137/2025 25.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, "xxxx" MMC-nin direktoru işləyən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 25 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 24 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 3(009)-2139/2025 saylı qərardadına əsasən inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:20 radələrində X7 yaxınlığında DYP əməkdaşlarına və ÇPA əməkdaşlarına tabesizlik etmiş və qanuni tələblərini icra etməkdən qəsdən boyun qaçırmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, o, 24 avqust 2025-ci il tarixində X6 yaxınlığında dairəyə daxil olmuş, ola bilər ki, surətini aşağı endirə bilməmiş və maşının arxası bir qədərdairəni sürətlə dönmüşdür, lakin onun məqsədi avtoxuliqanlıq etmək olmamışdır. Sonra maşını orada olan restoranın yaxınlığında park edib xanımla kafeyə daxil olmuşdur. Daha sonra restoranın YPX əməkdaşları onu çölə çağırıb maşının sahibi olduğunu müəyyən etmişlər. Sonra ona avtoxuliqanlıq etdiyini bildirmiş və avtomobilin dayanacağa yerləşdirilməli olmasını bildirmişlər, o da buna etiraz etmişdir. Çünki o, heç bir avtoxuliqanlıq hərəkəti etməmiş, həmçinin maşın avtoparkda olduğu halda dayanacağa yerləşdirilməsinə nə ehtiyac var idi. Maşının açarını ondan istəmişlər, ona imkan verməmişlər ki, gedib içəridən gətirsin, xanım tərəfindən gətirilməsini istəmişlər. Buna görə aralarında çox uzun müzakirə aparılmış, nəticədə polis əməkdaşı onunla birlikdə içəri daxil olub açarı götürmüşdür. Bundan başqa, onun spirtli içki qəbul etdiyini bildirərək müayinə olunması üçün aparmaq istəmişlər, o da restoranda olduğunu və içkili ola biləcəyini, avtomobili sərxoş halda idarə etmədiyini bildirmişdir. Bütün bunlara tabesizlik kimi qiymət vermişlər. O, səs tonunu qaldırmamışdır. PPX əməkdaşlarını dəvət etmişlər, sonra YPX əməkdaşları onu itələyib PPX maşınına əyləşdirmişlər. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X7 yaxınlığında xidmətdə olduqları zaman 90CC976 d.q.n Mercedes markalı nəqliyyat vasitəsinin qayda pozuntusunu aşkar etmişlər. Sürücü maşını yerində təkərlərini asfalta qəsdən sürtərək iz buraxmış və səs-küy yaratmışdır. Onun şəxsiyyətini müəyyən edə bilməmişlər. Alkotest, narkotestdən də imtina etmiş, həmin vaxt sürücü özündə olmamışdır. Şəxs içkili olmadığını demək üçün nəqliyyatı saxlayıb girib kafedə içki içmişdir ki, guya kafeyə daxil olduqdan sonra içki içmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiqini tapmadığından həmin maddələr ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən həmin maddə ilə məsuliyyətə cəlb edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə X7 yaxınlığında xidmətdə olduqları zaman 90CC976 d.q.n Mercedes markalı nəqliyyat vasitəsinin qayda pozuntusunu aşkar etmişlər. Bu zaman sürücü nəqliyyat vasitəsini söndürərək sənədlərinin üzərində olmadığını bildirdi. Nəqliyyat vasitəsinin duracağa təmin olunması tələb olunduqda açarı dostuna verdiyini və üzərində olmadığını bildirərək dostunun yanına gedib açarı götürsələr belə yenə nəqliyyat vasitəsini təmin etməyəcəyini, sənədləri təqdim etməyəcəyini bildirmişdir. Dəfələrlə sürücüdən polisin qanuni tələblərinə əməl etməyi tələb etsələr də sürücü hərəkətlərini davam etdirdiyindən ora ÇPA əməkdaşlarını dəvət etmiş və onların köməkliyi ilə şəxsi bölməyə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İnzibati qaydada tutma haqqında 24 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 24 avqust 2025-ci il tarixdə saat 22:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında CD diskə -video görüntüyə baxış keçirilmiş və Şəxs tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətləri müəyyən edilməmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X7 yaxınlığında DYP əməkdaşlarına tabesizlik göstərərək polis əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə (sənəd təqdim etməmək, mübahisə etmək kimi) qəsdən tabe olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə yanaşı, İXM-nin 510-cu və 511.1.3-cü maddəsi ilə də protokol tərtib edilsə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu və 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edilmədiyindən, yəni onun ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsi və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdə ifadə olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu və 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 511.1.3-cü maddəsinə aid hissəsində xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən (saat 21:30-da) inzibati qaydada tutulduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 511.1.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar