Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2155/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 17 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 30 avqust 2024-cü il tarixində Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində “Sapfhire Marine” iaşə obyektinin yaxınlığında onun balansında olan 9 saylı nasosxananın qəza xətti vasitəsi ilə çirkab suların Xəzər Dənizinə axıdılması, çirkab suların təmizlənməsi üçün uyğun olmaması və zərərli maddələrin miqadarının yol veriləbilən həddən artıq olması müəyyən edilmişdir. Nəticədə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 nümayəndəsi X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillər, akt və cavabdeh hüquqi şəxsə ünvanlanmış xəbərdarlıq məktubu məhkəmə iclasında tədqiq edilərkən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 ("xxxx" ASC-nin) balansında olan 9 saylı nasosxanasının qəza xətti vasitəsilə Səbail rayonu Bibiheybət qəsəbəsində formalaşan çirkab suların təmizlənmədən və zərərsizləşdirilmədən açıq torpaq axarlar vasitəsilə Xəzər dənizinə axıdılması faktı müəyyən edilmişdir. İş materiallarından görünür ki, X5 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən Xəzər dənizinə axıdılan sudan nümunələri götürlmüş və kimyəvi təhlllər nəticəsində su nümunələrinin tərkibində mövcud olan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində “Sapfhire Marine” iaşə obyektinin yaxınlığında onun balansında olan 9 saylı nasosxananın qəza xətti vasitəsi ilə çirkab suların Xəzər Dənizinə axıdılması, çirkab suların təmizlənməsi üçün uyğun olmaması və zərərli maddələrin miqadarının yol veriləbilən həddən artıq olması öz təsdiqini tapdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrinin tələbini pozmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrinin tərkibi var və ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyası həddində 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2155/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2155/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver