Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2157/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X2 vəkili X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X2 vəkili X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin 11 oktyabr 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu və İnzibati tənbeh vermə haqqında 21 oktyabr 2021-ci il tarixli, MN N° ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru X6 işçi X7 ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1.500 (min beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin qərarı tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin 13 sentyabr 2021-ci il tarixli **********9 saylı məktubuna əsasən Xidmət tərəfindən siyahı üzrə tələb olunan və tərəfimizdən təqdim edilmiş sənədlərdən görünür ki, müraciətə baxılmasına səbəb .vətəndaş X4 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinə ünvanlanmış olduğu müraciət olmuşdur Müraciət onunla əsaslandırılmışdır ki, qeyri-iş günləri və iş vaxtından artıq işələmiş, işdən çıxarılan zaman son haqq hesab edilməmiş, işdən çıxarılan zaman qanunun tələbləri pozulmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X6 ilə işçi X7 arasında bağlanmış 25.08.2020-ci il tarixli Əmək müqaviləsindəndən görünür ki, V.Əliyev MMC-də fəhlə vəzifəsində işə qəbul edilmiş, tərəflər arasında həmin tarixli Tam maddi məsuliyyət daşınması haqqında müqavilə bağlanmışdır İş materiallarında olan işçi X4 mütəmadi olaraq işə gec gəldiyi özünün 23 aprel 2021-ci il tarixli izahatındakı etirafı ilə müəyyən edilsə də, onun iş vaxtından artıq işləməsi müəyyən edilməmişdir. İş materiallarında olan işçi X4 31 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, o, MMC-nin direktoru T.Əliyevə ərizə ilə müraciət edərək, öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Bununla bağlı, işdən çıxarılması ilə bağlı konkret tarix göstərmədiyi üçün işçi qanunla müəyyən olunmuş dövrdə, yəni 01 sentyabr 2021-ci il tarixdə işdə olmalı olsa da, əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzrlü səbəb olmadan bütün iş günü işəgəlməmişdir. Eyni zamanda işçi 31 avqust 2021-ci il tarixdə öz xahişi ilə ərizə verən zaman başqa işəgötürənlə əmək müqaviləsi bağladığını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 3-cü bəndinə görə, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi belə olan halda, 1 aylıq müddəti gözləmək zəruri olmasa da, inzibati tənbeh verən orqan bu halları nəzərə almadan əsassız tənbeh tədbiri tətbiq etmiş, qərarda isə tənbeh tədbirinin tətbiq edilməsi əsaslarını göstərməmiş, yalnız maddənin normasını sadalamaqla kifayətlənmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi lazımı qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X5 Xidmətinin Bakı şəhər İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmuş və o, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdıması zamanı müyyən edilmişdir ki, vətəndaş X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinin tələbləri pozulmuş və o, 1500 (bir min beş yüz) manat manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X5 Xidməti Bakı şəhər idarəsinin 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı vətəndaş X4 şikayəti əsasında qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. Göründüyü kimi X5 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, vətəndaş X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Ona görə də 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.3-cü və 69.4-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmçinin Əmək Məcəlləsinin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki iş üzrə şikayətdən müəyyən olunur ki, 31.08.2021-ci il tarixli X4 tutduğu vəzifədən azad edilməsi barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməməsi işin mübahisələndirilməyən hallarındandır. Belə olduqda işəgötürən tərəfindən xəbərdarlıq müddəti bitənədək gözlənilməli olduğu halda bu müddət gözlənilməmiş (02.09.2021-ci il tarixdə əmək müqaviləsinə xitam vermiş) və qeyd edilən hal üzrə xəbərdarlıq müddəti gözlənilmədən Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi yolverilməzdir. Şikayət vermiş şəxs 01 sentyabr 2021-ci il tarixdə bütün iş günü işə gəlməməsi, X4 ərizəsində başqa işə keçməyi ilə əlaqədar tutduğu vəzifədən azad olunması barədə ərizəsinə istinad edilərək 1 ay müddətin gözləməyin zəruri olmadığına istinad etsə də, qeyd edilən ərizədə müddət göstərilmədiyindən məhkəmə bu halı əsaslı saymır. Həmçinin məhkəmə qeyd edir ki, işçinin ərizə ilə müraciətindən sonra növbəti gün bütün iş günü işə gəlməməsi tərəflərdən birinin təşəbbüsü ilə (yəni işçi X4) əmək müqaviləsinə xitam verilməsi (ƏM 68-ci maddə “a” bəndi) üçün əsas sayıla bilməz. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmasını sübut edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 192.6-cı maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X6 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X2 vəkili X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2157/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2157/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver