Məhkəmə qərarları › İş №3(009)-2162/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2162/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2162/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 noyabr 2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC MMC 40000.00 ABŞ dolları məbləğində vəsaiti 11.10.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 40000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 12.10.2021-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə oğlu protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tamamilə qanunsuz və əsassızdır. Belə ki, Şəxs MMC 2019-cu ilin avqust ayında Avstriyanın "xxxx" Şirkəti ilə müqavilə bağlayaraq ət məhsulları sifariş etmişdir. Həmin müqavilə üzrə 03 sentyabr 2019-cu il, 12 sentyabr2019-cu il və 11 oktyabr2019-cu il tarixlərdə müvafiq olaraq 70000,30000 və40000 olmaqla ümumilikdə 140000 ABŞ Dolları pul xarici şirkətin hesabına köçürülmüşdür. "xxxx" Şirkəti müqavilənin bir neçə bəndini pozaraq nə məhsulu nə də ki, ödənilən vəsaiti hesaba geri qaytarmayıb. Bir neçə quruma şikayət bildirsələr də, bir nəticə əldə edə bilməmişlər. Bununla bağlı olaraq həmin şirkətlə həm elektorn qaydada həm telefon vasitəsi ilə danışıqlar aparılmış, pretenziya məktubu da göndərilmiş, həmin ölkədə müvafiq qaydada vəkilə müracət edilərək etibarnamə verilmiş, şirkətdən müqavilə öhdəliklərinin icra edilməsi tələb edilmişdir. Xarici şirkətdən bildirilmişlər ki, bütün dünyada baş verən pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən müqavilə öhdəliklərinin icrası hələlik mümkün olmamışdır. Xarici şirkətdən verilən məlumata əsasən müqavilə ilə müəyyən olunan malın ölkəyə idxalı və ya xarici şirkətin hesabına köçürülmüş pulun qaytarılması 3-4 ay müddətində təmin ediləcəkdir. Göründüyü kimi onlar aldadılmış, xaricə köçürülmüş pulun ölkəyə qaytarılması və ya müqavilə ilə müəyyən olunan malın ölkəyə gətirilməsi üçün çalışırlar. İnzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 18 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən. Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təstiq edən sənədlər banka təqdim olunmadığı üçün müştərilərin ödəniş əməliyyatlarına dair sənədləri Mərkəzi Banka təqdim edilir. İş materiallarına əlavə edilmiş köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin “Nikoilbank” İKB-də olan hesabından 11.10.2019-cu il tarixdə "xxxx"-nin bank hesabına 40000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə oğlu tərəfindən təqdim edilmiş pretenziya məktubundan görünür ki, Şəxs MMC ilə "xxxx" Şirkəti arasında ət və quş əti məhsullarının Azərbaycan Respublikasına göndərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 03 sentyabr 2019- cu il və 12 sentyabr 2019-cu il tarixlərdə 70000, 30000 və 40000 olmaqla ümumilikdə 140000 ABŞ Dolları pul köçürülmüşdür. Lakin bu günə qədər müqavilə üzrə heç bir mal göndərilməmişdir. Hesaba köçürülmüş pul vəsaiti də qaytarılmamışdır.2 il müddət ərzində müqavilə üzrə mal göndərilmədiyindən və köçürülmüş pul ölkəyə qaytarılmadığından. "CASPİAN NATURAL” MMC-nin ümumi məbləğin 30% həcmində inzibati qaydada cərimə edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Belə vəziyyət əmlak mənafeyinə ciddi zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alıb, bu pretenziya məktubunu alındığı vaxtdan 10 gün müdətində ya müqavilə üzrə öhdəliyin icra edilməsi və ya hesaba köçürülmüş 70000. 30000 və 40000 olmaqla ümumilikdə 140000 ABŞ Dolları pul vəsaitinin təcili qaydada təxirəsalınmadan qaytarılmasının təmin edilməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 270 (iki yüz yetmiş) gün ərzində müvafiq banka təqdim edilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 40000.00 ABŞ dolları məbləğində vəsait 11.10.2019-cu il tarixdə xaricə köçürülsə də, həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi və pul vəsaitinin geri qaytarılmaması Şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar