Məhkəmə qərarları › İş №3(009)-2181/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2181/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2181/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Şollar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:49 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxxx 2020-ci il tarixli, BB 005452 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20:49 radələrində bir nəfər şəxsin Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətdiyinə görə ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək ona qaydalara riayət etməsini bildirsələr də, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən o, bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20:49 radələrində tərkibində spirtli içki olan enerji içkisi qəbul edərək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində dostu ilə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu ictimai qaydanı pozduğundan barəsində protokol tərtib olunması üçün polis bölməsinə dəvət etmişlər, o, da etiraz etməyərək polis əməkdaşları ilə polis bölməsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfəri X3 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20:49 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində bir nəfər şəxs sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətdiyinə görə xidmət yoldaşı ilə ona yaxınlaşmış, özlərini təqdim edərək ona qaydalara riayət etməsini bildirsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmadığından 9-cu polis bölməsinə gətirilmişdir. Orada həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair xx xxxxxxx 2020-ci il tarixli, 2/9008 nömrəli protokola əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:49 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş vəpolis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:49 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində ictimai qaydanı pozaraq, nalayiq ifadələr işlədərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin polis işçisinin qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2020-ci il tarixdən (saat 20:50-də) xx.xx.2020-ci il tarixədək inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 100 (yüz) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinə əsasən barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinə əsasən barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar