Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2182/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1, 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində ünvan 2 ünvanında hərbi vəziyyət rejiminin tələblərini pozduğu üçün 9-cu PB-nə gətirilən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin bölməyə gətirildikdən sonra orada ictimai qaydanı pozaraq, nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxxx 2020-ci il tarixli, BB ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 01:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində bir nəfər şəxs ünvan 2 ünvanında hərbi vəziyyət rejiminin tələblərini pozduğu üçün 9-cu PB-nə gətirilən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin həmin şəxs bölməyə gətirildikdən sonra bölmədə ictimai qaydanı pozaraq, nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 517-2.1, 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1, 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində dişi ağrıdığı üçün qonşudan diş ağrısı dərmanı götürməkdən ötrü yaşadığı binanın həyətinə düşmüş, bu zaman polis əməkdaşları ünvan 2nin həyətində ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu komendant rejimi qaydalarını pozduğundan barəsində protokol tərtib olunması üçün polis bölməsinə dəvət etmişlər, o, da etiraz etməyərək polis əməkdaşları ilə polis bölməsinə gəlmişdir. Lakin orada əsəbi olduğundan polis əməkdaşları ilə aralarında söz mübahisəsi olmuş, bölməyə nə səbəbə gətirildiyini soruşmuş, lakin nalayiq ifadələr işlətməmişdir. Hazırda komendant saatının tələbini pozduğuna görə əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfəri X3 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində ünvan 2ndə yerləşən “Axundov pakı”nın yanında 3 nəfər şəxs komendant rejimi qaydalarını pozduğu üçün saxlanılmışlar, daha sonra onların şəxsiyyətlərini müəyyən etmək üçün onları polis bölməsinə dəvət edən zaman aqressiv davranaraq buna etiraz etmişlər. Bu səbəbdən həmin şəxs 9-cu polis bölməsinə gətirilmişdir. Orada həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmiş, həmin şəxs bölmədə aqressiv davranmış, səs-küy salaraq, nalayiq ifadələr işlədərək bölməyə nə üçün gətirildiyini, onu dərhal buraxmalarını bildirmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin PPXB-nin polis nəfərləri X.Əhmədov və E.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində ünvan 2ndə yerləşən “Axundov pakı”nın yaxınlığında xidmətdə olan zaman komendant rejimi qaydalarını pozan 3 nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim edib, komendant rejimi qaydalarını pozduqlarını izah etdikdən sonra, onları 9-cu polis bölməsinə dəvət etmişlər, lakin həmin şəxslər buna etiraz edərək onların qanuni tələblərinə tabe olmamış və həmin şəxsləri gətirib bölməyə təhvil vermişlər. Bölmədə həmin şəxslərin Şəxs və qeyriləri olduqları müəyyən edilmişdir. Belə ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə “Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi” ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, komendant saatının tətbiq edildiyi ərazilərdə - şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş, xüsusi giriş-çıxış rejimi tətbiq edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülməsi qərara alınmışdır. Göründüyü kimi, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində ünvan 2 ünvanında hərbi vəziyyət rejiminin tələblərini pozduğu üçün 9-cu PB-nə gətirilən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin bölməyə gətirildikdən sonra orada ictimai qaydanı pozaraq, nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində yaşayış yerini tərk etməklə komendant rejimi qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, polis işçisinin qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin bölməyə gətirildikdən sonra orada ictimai qaydanı pozaraq, nalayiq ifadələr işlədərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 01:20-də inzibati qaydada tutulduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbinə əsasən, ona tətbiq olunmuş cərimə cəzası azaldılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2182/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2182/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver