Məhkəmə qərarları › İş №3(009)-2197/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2197/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2197/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Sənan Qüdrətli tərəfindən verilmiş raportdan görünür ki, 01.11.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X6 Azərbaycan Respublikası DİN-in 102 Xidmətinin “Zəng Mərkəzi”nə məlumat verərək və Səbail RPİ-nin 9-cu PB-yə ərizə ilə müraciət edərək 01 noyabr 2021ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, “Xalçaçılıq” muzeyinin qarşısında keçmiş kürəkəni Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Şəxs onu yumruq və təpik zərbələri ilə vuraraq döydüyünü bildirmişdir. Muraciət əsasında Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Sənan Qüdrətli tərəfindən araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından 15.11.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nin 9-cu Polis Bölməsinə həvalə edilmişdir. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, “Xalçaçılıq” muzeyinin qarşısında keçmiş qayınatası X3 yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X5 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 01 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, “Xalçaçılıq” muzeyinin qarşısında keçmiş qaynatası X3 yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirmiş, bu xüsusat müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, qızı X4 2012-ci ildə Şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan bir qız övladları dünyaya gəlmişdir. Qızı ilə kürəkəni yola gedə bilmədikləri üçün 2017-ci il tarixdə rəsmi qaydada boşanmışlar, həmin vaxtdan da qızı nəvəsi ilə birlikdə onun evində yaşayır. Onların boşanmalarına baxmayaraq, Ramil mütəmadi olaraq Fatiməni narahat etmiş və onunla barışmaq üçün müxtəlif yollara əl atmışdır. Belə ki, qızı Bulvarda yerləşən “Xalçaçılıq Muzeyi”ndə mühafizəçi işləyir və hər gün saat 18:00-da işdən çıxır. Fatimə işdən çıxdıqda ya onunla, ya da onun həyat yoldaşı ilə birlikdə evə gedir. 01 noyabr 2021ci il tarixdə saat 17:20 radələrində qızını işdən götürmək üçün “Xalçaçılıq Muzeyi”nin qarşısına getmiş, Fatimənin işdən çıxmasına xeyli vaxt qaldığı üçün bir qədər gəzişməyə başlamış, saat təxminən 17:55-də muzeyin çıxış hissəsinin qarşısında dayanıb Fatiməni gözləyən zaman Ramilin gəzərək muzeyin qarışından keçdiyini görmüşdür. Ramil onu görən kimi yaxınlaşıb salamlaşmış, Ramildən buraya nə üçün gəldiyini soruşmuş, Ramil isə gəzmək üçün parka gəldiyini bildirmişdir. Söhbət əsnasında Ramilin sərxoş olduğunu görüb onu yola verməyə çalışmış, lakin Ramil qəfildən ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamış və gözləmədiyi anda sağ əli ilə sifətinin sol tərəfinə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Fatimə işdən çıxıb onların mübahisə etdiyini görmüş və ona yaxınlaşaraq oradan uzaqlaşdırmışdır. Onlar taksiyə minmək üçün avtomobil yoluna tərəf piyada yeriməyə başlamış, bu zaman Ramil də onların arxasınca gəlmişdir. O, qızı Fatimə ilə birlikdə yolun kənarına çatdıqda yoldan keçən taksilərdən birinə əli ilə saxlamasını işarə etmişdir. Fatiməni taksiyə əyləşdirdikdən sonra özü də taksiyə minən zaman Ramil onun belindən və sağ qol nahiyəsindən təpiklə vurmuş, lakin o, Ramilə heç bir əhəmiyyət vermədən taksiyə əyləşib oradan uzaqlaşmışdır. Daha sonra DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs nikah pozulduqdan sonra da dəfələrlə qızının qarşısını kəsmiş, hətta ona qarşı fiziki zor tətbiq edərək sağlamlığına zərər vurduğundan məhkəmə hökmü ilə təqsirli bilinərək islah işləri cəzasına məhkum edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, X4 ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan bir qız övladları dünyaya gəlmişdir. Fatimə ilə əvvəllər mehriban yaşasalar da, sonralar aralarında tez-tez mübahisələrin baş verməsi səbəbindən rəsmi olaraq boşanmışlar. Boşanmaqlarına baxmayaraq o, mütəmadi olaraq Fatimə ilə əlaqə saxlayıb onunla barışmaq istəmişdir. Belə ki, 01 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Fatiməni görmək üçün onun işlədiyi “Xalçaçılıq” muzeyinin qarşısına getmiş, Fatimənin atası İlyasın da orada olduğunu görmüşdür. Keçmiş qaytnatası İlyas onu gördükdə ona yaxınlaşaraq nə üçün gəldiyini soruşmuş, o da Fatimə ilə danışmaq üçün ona bir neçə dəqiqə vaxt verməsini istəmiş, lakin bu zaman İlyas onu təhqir edərək çıxıb getməyini söyləmişdir. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra Fatimə işdən çıxmışdır. O, Fatiməyə yaxınlaşıb danışmaq istəsə də, Fatimə də onu acılayaraq çıxıb getməyini söyləmişdir. Bundan sonra onlar birlikdə ona məhəl qoymadan avtomobil yoluna tərəf getməyə başlamış, o da onların arxasınca getmişdir. Onlar avtomobil yoluna çatdıqda İlyas Fatiməni taksiyə mindirmiş, Fatimə taksiyə minən zaman o, Fatiməyə barışmaq istədiyini söyləmiş, bu zaman İlyas ona tərəf çönərək onu və anasını təhqir etmiş, o da əsəbiləşib İlyasın bel nahiyəsindən təpik vurmuşdur. Həmin zərbədən sonra İlyas da taksiyə əyləşmiş və onlar çıxıb getmişlər. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 15.11.2021-ci il tarixli qərarda göstərilən məhkəmə-tibbi ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 706 nömrəli rəyindən görünür ki, İ.K.Qarayevin bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bel nahiyəsinin qançırı və sağ əlin arxa səthinin sıyrığı bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən – müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 01.11.2021 -ci il tarixdə kənar şəxs tərəfindən sağ bel nahiyəsində təpiklə vurduqdan sonra müvazinətini itirərək sağ əlinin avtomaşının qapısına dəyməsi nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi barədə 15.11.2021ci il tarixli qərarı və protokolu araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı proses iştirakçılarının izahatları, iş materialları, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi barədə 15.11.2021-ci il tarixli qərar və protokol ilə müəyyən edilmişdir ki, Şəxs 01 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, “Xalçaçılıq” muzeyinin qarşısında keçmiş qayınatası X3 yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 15 (on beş) gün müddətinə tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən, saat 17:30dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar