Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2199/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16.11.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində ucadan səs-küy salaraq ətrafdakı insanların diqqətini özünə cəlb etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X6 izahatında göstərmişdir ki, 16.11.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qarşısında bir nəfər şəxs yolun hərəkət hissəsində avtomaşınını saxlayaraq maşından düşüb yolun ortasında ucadan qışqıraraq nalayiq sözlər işlətmiş, bu zaman ərazidə xidmət aparan ÇPA-nın əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən hərəkətlərinə son qoymasını tələb etmişlər, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq küçədə uca səslə qışqıraraq, nalayiq ifadələr işlədərək səsküy salmağa, ətrafadakı insanları özünə cəlb etməyə davam etmişdir. Bu zaman əraziyə avtopatrul maşını çağrılmış və həmin şəxs Səbail RPİ-nin 8-ci PB-yə gətirilmiş və Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 16.11.2021-ci il tarixdə, saat təxminən 13:30 radələrində “Ford Fusion” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə gələrək 03.04.2021-ci il tarixdə ona qarşı törədilmiş cinayət işi üzrə TŞ 1-185 nömrəli kamera görüntülərini götürmək istəmişdir. O, hakim köməkçisi ilə əlaqə saxlamış və hakim köməkçisi onun gətirdiyi flaşkarta 2 ədəd videogörüntü köçürərək ona qaytarmışdır. O, flaşkartı götürərək evə qayıtmış, həmin flaşkartı komputerə salmış və videogörüntülərə baxmaq istəmişdir. Lakin həmin videogörüntülərdən biri açılmadığından o, əsəb keçirmiş, hakim köməkçisi ilə əlaqə saxlamış ona öz iradını bildirmişdir. Daha sonra o, əsəbi olduğundan avtomaşınına əyləşərək məhkəmənin qarşısına gəlmiş, idarə etdiyi avtomaşını yolun hərəkət hissəsində saxlayaraq maşından düşüb yolun ortasında ucadan qışqıraraq videogörüntülərin ona verilməsini tələb etmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək ondan hərəkətlərinə son qoymasını tələb etmişlər, lakin o, əsəbləri gərgin olduğundan polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq küçədə uca səslə qışqırmağa davam etmişdir. Daha sonra polis əməkdaşları onu avtopatrul maşınına əyləşdirərək PB-yə gətirmişlər. O, hazırda əməlindən səmimi peşman olduğunu, ailəli olmaqla himayəsində azyaşlı uşağının olduğunu, ümumiyyətlə son vaxtlar sinir sisteminin pozulduğunu və həmin vaxt əsəbi olduğundan etdiyi hərəkətlərini dərk etmədiyini, həmişə qanun və qaydalara riayət etdiyini, hörmətlə yanaşdığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ÇPA-nın polis nəfəri X4 izahatında göstərmişdir ki, 16.11.2021-ci il tarixdə o və xidmət yoldaşları ərazidə xidmət aparan zaman Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində bir nəfər şəxsin idarə etdiyi avtomaşından düşüb yolun ortasında ucadan qışqıraraq nalayiq sözlər işlətdiyini görmüşlər, bu zaman onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən hərəkətlərinə son qoymasını tələb etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq küçədə uca səslə qışqıraraq, nalayiq ifadələr işlədərək səsküy salmağa, ətrafadakı insanları özünə cəlb etməyə davam etmişdir. Bu zaman əraziyə avtopatrul maşını çağrılmış və həmin şəxs Səbail RPİ-nin 8-ci PB-yə gətirilərək təhvil verilmişdir. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ÇPA-nın polis nəfərləri X3, X5 və X7 şahid X1 izahatına uyğun izahat vermişlər. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş ÇPA-nın polis nəfərləri X3, X5, X7 və X4 tərəfindən tərtib olunmuş 16.11.2021-ci il tarixli raportdan görünür ki, 16.11.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qarşısında bir nəfər şəxs yolun hərəkət hissəsində avtomaşınını saxlayaraq maşından düşüb yolun ortasında ucadan qışqıraraq nalayiq sözlər işlətmiş, bu zaman ərazidə xidmət aparan Səbail RPİ-nin ÇPA-nın əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən hərəkətlərinə son qoymasını tələb etmişlər, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Bu zaman əraziyə avtopatrul maşını çağrılmış və həmin şəxs Səbail RPİ-nin 8-ci PB-yə gətirilərək təhvil verilmişdir. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 16.11.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qarşısında səs-küy salaraq və nalayiq ifadələr işlədərək ətrafdakı insanları özünə cəlb edərək ictimai qaydanı pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını, ailəli olmaqla himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2199/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2199/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver