Məhkəmə qərarları › İş №3(009)-2199/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2199/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2199/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlunun iştirakları ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonunun Yaxa-Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB -si tərəfindən tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə 102 xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarını itələyərək müqavimət göstərmişdir. Nəticədə Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X5 protokolu müdafiə edərək Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlunun barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlu məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, X4 ilə qapı qonşudur, əvvəllər münasibətləri olmuşdur. Onu Türkiyədən gətirdib, onun üçün iş tapmışdır. Rəfiqəsi polisə zəng vuraraq bildirmişdir ki, guya onun rəfiqəsini öldürür, onun əlində bıçaq olmamışdır. Sadəcə polislər gəldikdə qorxaraq müqavimət göstərmiş və polisləri itələmişdir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru X7 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X1 DİN-in 102 ZXM etmiş olduğu müraciətlə əlaqədar ünvana getdikdə orada bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini görüb polis bölməsinə dəvət etdikdə o, aqresiv şəkildə fiziki güc tətbiq edərək oradan yayınmaq istəmiş, onlara bıçaqla hücum etmişdir. Ona küçədə nalayiq ifadələrdən istifadə etməsinə son qoymasını və PB-yə getməli olduğunu bildirsələr də o, buna məhəl qoymayaraq əməlinə davam edib hadisə yerindən uzaqlaşmaq üçün cəhdlər göstərirdi. Onu qanuni tələblərə məhəl qoymadığı üçün PB-yə aparmaq üçün avtomobilə əyləşdirib 8-ci PByə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X6 şahid Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında materialları araşdıraraq hesab edir ki, Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlunun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:12 radələrində Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Raul Məmmədov və PB-nin sahə inspektoru ilə birlikdə vətəndaş X1 DİN-in 102 ZXM etmiş olduğu müraciətlə əlaqədar Salyan yolunda yerləşən “Selin” adlı gözəllik salonuna getmişlər. Orada olan zaman bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsi polis bölməsinə dəvət etdikdə o, aqresiv şəkildə fiziki güc tətbiq edərək oradan yayınmaq istədi və onlar dərhal həmin şəxsi saxladılar. O, itələdiyi üçün onlara yerə yıxılmışlar. Ona küçədə nalayiq ifadələrdən istifadə etməsinə son qoymasını və PB-yə getməli olduğunu bildirsələr də o, buna məhəl qoymayaraq əməlinə davam edib hadisə yerindən uzaqlaşmaq üçün cəhdlər göstərirdi. Onu qanuni tələblərə məhəl qoymadığı üçün PB-yə aparmaq üçün avtomobilə əyləşdirib 8-ci PB-yə aparmışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində həmin maddədə nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati həbs tətbiq edilməli, inzibati həbsdə saxlama müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 88, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlətli (Nağiyev) Sadiq Əliheydər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar